İqlim dəyişikliklərinin təsirləri dünyada ən həssas bölgələrdən biri olan Karib Dənizi və Sakit Okean regionundakı dəniz ərazilərində daha kəskin hiss edilir. Bu ərazilər təkcə təbii gözəllikləri və biomüxtəliflikləri ilə deyil, həm də iqlim dəyişikliyinin ən böyük təhdidlərinə açıq olması ilə tanınır. Fransa və Niderlanda aid olan bu dənizaşırı ərazilər, artan dəniz səviyyəsi, qasırğalar, və biomüxtəlifliyin itirilməsi kimi problemlərlə üzləşir və bu vəziyyət orada yaşayan insanların həyat şəraitini çətinləşdirir.
Prezident İlham Əliyev COP29 iqlim sammitində çıxışı zamanı Karib dənizi və Sakit Okean regionundakı “dırnaqarası dəniz əraziləri”nin iqlim dəyişikliyindən ən çox təsirlənənlər arasında olduğunu vurğulayıb. İlham Əliyev, Fransa və Niderlandın dənizaşırı ərazilərini “koloniya” kimi adlandıraraq, onların keçmiş kolonial idarəçilik siyasətinin bu regionlarda ətraf mühitin pisləşməsinə səbəb olduğunu bildirib. Xüsusən Fransanın Polineziyada həyata keçirdiyi nüvə sınaqları kimi nümunələr gətirən İlham Əliyev, bu ərazilərin səsinin beynəlxalq platformalarda layiqincə eşidilmədiyini vurğulayıb. Ölkə başçısı, iqlim dəyişikliyinin təsirlərini yüngülləşdirmək üçün Azərbaycan hökumətinin tədbirlərini də qeyd edib və kiçik ada dövlətlərinə dəstəyini ifadə edib. O, Azərbaycanı iqlim problemlərinin həllində qlobal səviyyədə daha fəal görməyi arzulayaraq, ölkənin dayanıqlı inkişaf və regional təhlükəsizlik mövzularına diqqət yetirdiyini əlavə edib.
İnkaredilməz faktdır ki, COP29 konfransı, dünyanın ən həssas bölgələrində iqlim dəyişikliyinə qarşı təsirli tədbirlər görmək üçün çox əhəmiyyətli bir fürsətdir. Konfransda inkişaf etmiş ölkələrin bu ərazilərə maliyyə dəstəyi ayırması ilə sahil müdafiə qurğularının gücləndirilməsi, yaşayış məkanlarının təhlükəsizliyinin artırılması və təbii fəlakətlərə hazırlıq səviyyəsinin artırılması kimi tədbirlər müzakirə ediləcək. Çünki dəniz səviyyəsinin artması və daşqınların güclənməsi ilə, Karib və Sakit Okeandakı dırnaqarası ərazilərdə infrastrukturun daha da gücləndirilməsinə ehtiyac duyulur. Bu isə ancaq yüksək maliyyə dəstəyi ilə mümkündür. İqlim dəyişikliyi nəticəsində yaranan qasırğa və tropik fırtınalar bu ərazilərə ciddi ziyan vurur. Hər il daha da şiddətlənən və təsir sahəsi genişlənən təbii fəlakətlər, insanların həyatına və ərazilərin iqtisadiyyatına böyük zərbə vurur. COP29 çərçivəsində bu fəlakətlərə qarşı müdafiə tədbirlərinin, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi və təbii fəlakətlərə hazırlıq proqramlarının gücləndirilməsi üçün müzakirələr aparılacaq. Bu tədbirlər, yerli icmaların gələcəkdə baş verəcək fəlakətlərdən daha az ziyanla çıxmasına və həyatlarının təhlükəsizliyinin təmin edilməsinə kömək edə bilər.
Karib və Sakit Okean dənizaşırı ərazilərində biomüxtəlifliyin qorunması da COP29-un prioritet mövzularından biridir. Mərcan rifləri, mangrov meşələri və sahil ekosistemləri kimi zəngin təbii sərvətləri iqlim dəyişikliklərinin yaratdığı yüksək temperatur, turşuluq dərəcəsinin artması və çirklənmə səbəbindən böyük təhlükə altındadır. Bu qiymətli ekosistemlərin məhv olması ilə yerli əhalinin balıqçılıq və turizm sənayesi də zərər görür. COP29 çərçivəsində, biomüxtəlifliyi qorumaq üçün beynəlxalq maliyyə dəstəyi, texniki kömək və yeni konservasiya layihələrinin başlaması ilə bağlı qərarların qəbul edilməsi çox əhəmiyyətlidir.
Prezident İlham Əliyev çıxışında əsas diqqəti , Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğuna yönəldib Qeyd edib ki,. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Fransa və Niderland hökümətlərinin qeyd olunan ərazilərdə həyata keçirdikləri nüvə sınaqlarının həmin ölkələr tərəfindən planetin ekosisteminə hansı zərər vurduğunu, ətraf mühitin ciddi pozulduğunu diqqətə çatdırıb. Bu mənada COP29 konfransının, həmin icmaların səsinin qlobal səviyyədə eşidilməsinə, onların iqlim dəyişikliyinə uyğunlaşma üçün daha çox dəstək almasına və problemlərinin daha geniş səviyyədə dərk edilməsinə imkan verəcəyini bildirib . “Bu konfrans, dırnaqarası dəniz ərazilərində yaşayan əhalinin hüquqlarının müdafiəsi və onlara daha çox dəstəyin göstərilməsi baxımından bir körpü rolunu oynayacaq”.
Nəticə etibarilə, COP29 konfransı, Karib və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılığını artırmaq üçün dünya ölkələrini bir araya gətirən əhəmiyyətli bir platformadır. Bu konfransda qəbul ediləcək qərarlar yalnız bu ərazilərin davamlılığı üçün deyil, həm də qlobal iqlim mübarizəsinin güclənməsi üçün vacib olacaq. Karib Dənizi və Sakit Okean bölgələri kimi həssas ərazilərin qorunması isə yalnız onların deyil, ümumi ekoloji tarazlıq üçün də xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”. Bu baxımdan, beynəlxalq ictimaiyyətin və inkişaf etmiş ölkələrin kiçik ada dövlətlərinə və dırnaqarası dəniz ərazilərinə dəstək göstərməsi çox vacibdir. Bu dəstək iqlim dəyişmələrinin təsirlərini azaltmaq və bu ərazilərin dayanıqlı inkişafını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin COP29 çərçivəsində bu mövzuda çıxışı, belə icmaların səsinin eşidilməsi və onların problemlərinin qlobal gündəmə çıxarılması üçün önəmli bir addımdır.
Osmanova Məlahət,
Xəzər rayonu, 92 № li tam orta məktəbin müəllimi