Analitika

İqlim dəyişikliyi ilə bağlı dünyada və Azərbaycanda narahatlıqlar

Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir. Qeyri-sabit hava şəraiti, istiləşmə, quraqlıq, qış mövsümündə ənənəvi iqlim şəraitinə malik olan bölgələrdə qarın yağmaması, bulaqlarımızın, çaylarımızın quruması, əsas su arteriyamız olan Kür çayının Xəzər dənizinə tökülən hissəsində yaranmış acınacaqlı vəziyyət artıq hər gün eşitdiyimiz və rastlaşdığımız təbiət hadisələridir. Lakin bu proseslər təkcə Azərbaycanda deyil, dünyanın əksər bölgələrində baş verməkdə və çoxsaylı problemlər yaratmaqdadır. İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspert qrupunun qiymətləndirmələrinə görə son 100 ildə Yer kürəsində orta tempuratur 0,8 dərəcə artıb. Bunun əsas səbəbi kimi isə insan fəaliyyəti nəticəsində baş verən proseslər göstərilir. Bu fəaliyyətin əsasını istilik effekti yaradan qazların, o cümlədən karbon, metan, azot oksidi, xlor-flüor birləşmələrinin atmosferə atılması təşkil edir.

Qeyd etmək lazımdır ki, bu proseslər ölkəmizin ərazisində də baş verməkdədir və son 100 ildə orta temperatur 0,4-1,3 dərəcəyə qədər artıb.

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası 1992-ci ildə qəbul edilib. Bu Konvensiyaya uyğun olaraq sonuncu dəfə iqlim dəyişikliklərinə qarşı mübarizədə üzv dövlətlərin birgə iştirakını təmin etmək məqsədilə 2015-ci ildə Paris Sazişi təsdiq edilib. Bu Sazişə əsasən, tərəflər Yer kürəsində havanın orta temperaturunu sənayeləşmə dövrünə qədərki səviyyədən 2 dərəcədən aşağı saxlanmasını, temperatur artımının 1,5 dərəcədə məhdudlaşdırılımasını hədəf götürür.

Onu da qeyd etmək yerinə düşər ki, iqlim dəyişmələri üzrə problemlərin həllində Azərbaycan müstəqilliyinin ilkin illərindən fəal iştirak edir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, bununla əlaqədar Kiot protokolunu 2000-ci ildə, sonuncu Paris Sazişini isə 22 aprel 2016-cı ildə imzalayıb və ratifikasiya edib. Təsdiq edilmiş sənədə əsasən, Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyasının 35% azalmasını qarşısına hədəf qoyub.

Ölkəmizdə İstilik Elektrik Yaradan Qazların (İEYQ) emissiyalarının azaldılması ilə bağlı bir sıra tədbirlər görülməkdədir. Belə ki, son illərdə az karbonlu, enerji səmərəli yanacaqdan istifadə, bərpaolunan enerji istehsalı müəssisələrinin genişləndirilməsi, tullantılarının idarə olunmasında səmərəli texnologiyaların tətbiq edilməsi, meşə sahələrinin genişləndirilməsi, meşələrin qırılmasının qarşısının alınması məqsədilə ölkədə qazlaşmanın genişləndirilməsi, ən çox enerji tələb olunan mənzil-tikinti sektorunda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, ölkəyə daxil olan minik maşınlarının idxalı zamanı smartavtomobillərə üstünlük verilməsi, Bakı şəhərində və onun ətrafında, eləcə də ölkənin şəhər və kəndlərində yaşıllıq zonalarının genişləndirilməsi və bu kimi digər tədbirlər İEYQ-nin emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərdir.

Bir sözlə, qətiyyətlə qeyd etmək zəruridir ki, iqlim dəyişikliyi siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla prioritet sahədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də reallaşdırılması nəzərdə tutulan beş prioritetin biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritetlər isə qlobal iqlim dəyişiklikləri prosesləri fonunda özündə bütöv bir tədbirlər sistemini cəmləşdirir.

Qeyd etdiklərim Azərbaycan hökümətinin milli fəaliyyət səviyyəsində həyata keçirdiyi və keçirəcəyi tədbirlərdir. Bununla yanaşı, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizədə qlobal səviyyədə öz töhfəsini verməkdədir.

Azərbaycan dünyada neft ölkəsi olmaqla həm də artıq qaz ehtiyatları ilə zəngin ölkə kimi tanınır və dünyanın təbii qaz bazaraında söz sahibi kimi çıxış edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, regionun ən nəhəng meqalayihələrindən biri olan Azərbaycanın təşəbbüskarı və əsas müəllifi olduğu Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi deyilənlərin bariz nümunəsidir.

Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurasınin videokonfrans formatında VII iclası keçirildi. Həmin iclasda həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Avropa Komissiyasının Komissarları xanım Kadri Simson, cənab Oliver Varhelyi və digər çıxış edənlər vurğuladılar ki, Azərbaycan qazının Avropaya nəqli, qazın nəql olunduğu regionda, xüsusilə hazırda əsas yanacaq kimi kömürdən istifadə olunan Qərbi Balkan regionunda istilik effekti yaradan qazların emissiyasının 60%-i azalmasına səbəb olacaq. Bu isə öz növbəsində insan sağlamlığına müsbət təsir göstərməklə, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın töhfəsi olacaq.

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Məmmədova Şəhanə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button