Analitika

İnsanların gözlərinə nur bəxş edən qadın – Zərifə xanım Əliyeva

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmış, zəngin təhsil ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdi.O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın həkimlik sənətini seçməsi atası, tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa, göz həkimliyini ixtisas kimi seçməsi onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdi. 

Tələbəlik illərində fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və o, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Zərifə xanımın timsalında bir daha sübuta yetirildi ki, peşəsini ürəkdən sevən həkim, həqiqətən, xarüqələr yaratmaq iqtidarındadır. Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdir. Onun mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiki hesab edilən sintomisindən istifadə etməklə müalicə üsullarını həyata keçirməsi bu ağır xəstəliyin qarşısının alınmasında başlıca rol oynamışdır.

Zərifə xanım Əliyeva oftalmologiya sahəsində yeni istiqamətlər üzrə tədqiqatlar aparmış, Azərbaycanda ilk dəfə olaraq kimya sənayesi müəssisələrində tibbi laboratoriyalar yaratmışdı. Görkəmli alim uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisələrində böyük miqyaslı elmi-tədqiqat işləri aparmış, zərərli maddələrin təkcə görmə orqanlarına deyil, eyni zamanda, digər orqanlara təsirini öyrənmişdir. Aparılan səmərəli elmi-tədqiqat işləri, tətbiq edilən düşünülmüş üsullar həm kimya texnologiyası işçilərinin göz xəstəliklərinin qarşısını almış, həm də istehsalat mühitinin zəhərli maddələrdən təmizlənməsinə şərait yaratmışdır.

Zərifə xanımın gözəl insani dəyərlərə malik olmasını onun daim həkim-xəstə münasibətinə xüsusi diqqət yetirməsində görmək mümkündür. O, dəfələrlə demişdir ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır.Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir.

Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.Akademik Zərifə xanım Əliyeva göz xəstəlikləri mütəxəssisi kimi Azərbaycanda bu sahədə elmin əsas yaradıcılarındandır. O, göz xəstəliklərinin müalicəsi problemini elmi məktəb səviyyəsinə çatdırmışdır. Zərifə xanım Əliyeva dahi şəxsiyyət kimi həm tarixdə, həm də qəlblərdə  yaşayacaq.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button