Analitika

İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün lazımlı addımlar atılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakətin nəticəsi ağılasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər. Erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilmişlər.

Azad olunmuş digər ərazilərimiz kimi, bu gün Laçın da dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə keçirilən bayram tədbiri də böyük maraq doğurdu. Laçın şəhərinə həyatın qayıtmasını əks etdirən bu tədbir tariximizin ən qürurlu səhifələrindən biridir.Laçın azad olunduqdan sonra digər rayonlarda olduğu kimi, burada da tikinti-quruculuq işlərinə başlanılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib.

Hər birimizə məlumdur ki, işğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübüt edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törətmişdir. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silmişlər. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə özünkiləşdirməyə çalışmışlar.

Qeyd edək ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.

İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün lazımlı addımlar atılır. Xatırlayırsınızsa, dövlətimizin başçısı 2011-ci ilin dekabrın 24-də özünün 50 illik yubileyində Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdü. Öz ad gününü Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə qeyd edən Azərbaycan Prezidenti Laçın rayonundan olan məcburi köçkün ailələri üçün salınan yeni yaşayış qəsəbəsinin açılışını etdi və orada bildirdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün öz dədə-baba yurdlarında gözəl evlər tikiləcək. Doqquz il sonra Prezident İlham Əliyev xalqa verdiyi sözü reallığa çevirdi.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button