
4 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nüfuzlu mükafata layiq görülmüşdür.
“Zayed İnsan Qardaşlığı Mükafatı” 2019-cu ildə təsis olunub.Mükafat 4 fevral 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə elan edilib. Onun təsis edilməsi həmin gün imzalanan “İnsan Qardaşlığı haqqında Tarixi Bəyannamə” ilə bağlıdır. Bu sənəd Roma Papası Fransisk və Əl-Əzhər şeyxi Əhməd əl-Tayyib tərəfindən imzalanmışdır.
Mükafatın təqdim edilməsi mərasimində çıxış edən Prezident İlham Əliyev Şeyx Zayedin adını daşıyan bu ali mükafatı almağın onun üçün böyük şərəf olduğunu bildirmişdir. Dövlət başçısı mükafata görə münsiflər heyətinə təşəkkürünü ifadə etmiş, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin dünya tarixində böyük dövlət xadimi və humanist lider kimi özünəməxsus yer tutduğunu vurğulamışdır.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Şeyx Zayedin uzaqgörən siyasəti və müdrik idarəçilik modeli sayəsində Birləşmiş Ərəb Əmirlikləri qısa müddət ərzində regionun deyil, bütövlükdə dünyanın ən inkişaf etmiş, sabit və firavan ölkələrindən birinə çevrilmişdir. Onun əsas fəaliyyət prinsiplərindən biri insanlara, mədəniyyətlərə və fərqli inanclara hörmətin təşviqi olmuşdur.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyəti insan ləyaqətinin qorunması, sülhün möhkəmləndirilməsi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi kimi ali dəyərlərə əsaslanır. Prezident İlham Əliyev bu dəyərlərin Azərbaycanın dövlət siyasəti ilə tam uzlaşdığını vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiq olan ölkə kimi müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkandır.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan İslam dünyasının ayrılmaz bir hissəsi olmaqla yanaşı, eyni zamanda Şərq və Qərb arasında mədəni və siyasi körpü rolunu oynayır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu kimi beynəlxalq platformalar bu sahədə Azərbaycanın fəal mövqeyinin bariz nümunəsidir.
Prezident İlham Əliyev bu mükafatın təkcə şəxsi fəaliyyətinə verilən qiymət olmadığını, eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə sülhə, humanizmə və qarşılıqlı anlaşmaya verdiyi töhfənin tanınması olduğunu bildirmişdir. O vurğulamışdır ki, Azərbaycan bundan sonra da qlobal çağırışlar fonunda dialoqun, əməkdaşlığın və insan qardaşlığı ideyalarının təşviqinə öz töhfəsini verməyə davam edəcəkdir.
Mərasim zamanı Prezident İlham Əliyev Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmiş, bu əlaqələrin gələcəkdə də qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirin sonunda dövlət başçısı mükafatın təşkilatçılarına və münsiflər heyətinə bir daha təşəkkürünü bildirmişdir.
Məlikova İlhamə,
Xəzər rayonu, 92 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi



