Analitika

İlin ilk altı ayının uğurlu yekunu bizi hədəflərimizə daha da yaxınlaşdırdı

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə dövlətimizin uğurlu inkişafı, qarşıya qoyulan vəzifələrin davam etdirilməsi haqqında məlumat verilib. Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

Maliyyə vəziyyətimizin böyük dərəcədə yaxşılaşması dövlətin uğurlu siyasətinin nəticəsidir. Həmçinin bunun bir çox səbəbləri var. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək. İlk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməliyik. Hərbi gücümüzü artırmaqda əsas hədəflərdən biridir. Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz açıq şəkildə seçilmişdir. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir. 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsi istimaqətinə yönləndirildi.

Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir. İlin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir. Bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Haızrkı vəziyyət düşünülmüş siyasətin təzahürüdür. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İnflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır.

Prezident İlham Əliyev Qarabağın yenidən bərpası və Böyük Qayıdışın təmin edilməsi məsələsinə diqqət yetirib. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir.

İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Bu məsələlərdə şəffaflıq amili vacibdir. Ayrılan vəsaitə böyük qənaətlə yanaşmalıyıq. Şəffaflıq tam təmin edilməlidir. Həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində daha həssas olmalıyıq.Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq. Bu ciddi və vacib hesab edilməlidir. Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq.

Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları davam etməkdədir. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.

Son günlərdə Gədəbəydə baş verən hadisələr bir daha sübut edir ki, hədəfimizə doğru addımlamaqda daha diqqətli olmalıyıq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Araşdırmaların obyektivliyi təmin olunmalıdır. Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməzdir. Bizim təbiətimiz məhv olunmamalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Ciddi araşdırmalar aparılmalıdır. Ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir. Ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Azərbaycan qanunlarına, ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, şirkətin fəaliyyəti dayandırılmalıdır. Dövlətimizin əsas siyasi xətti Azərbaycan vətəndaşına xidmət etmək, ölkədə düzgün şəkildə təmin edilmiş sabitliyi qorumaqdır. Biz bu istiqamətdə lazımlı addımları atmağa davam edəcəyik.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button