
Ilham Aliyev Bakıda keçirilən **Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və **Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı Azərbaycanın qlobal enerji siyasətində oynadığı mühüm rolun növbəti dəfə təsdiqi oldu. Bu mötəbər platforma artıq uzun illərdir ki, enerji təhlükəsizliyi, strateji tərəfdaşlıq və yeni enerji layihələrinin müzakirəsi baxımından beynəlxalq əhəmiyyətə malik mühüm əməkdaşlıq məkanına çevrilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuzdan bəhs edərək qeyd etdi ki, ölkəmiz uzun illərdir həyata keçirdiyi düşünülmüş enerji strategiyası ilə qlobal enerji xəritəsində mühüm mövqeyə sahib olub. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu layihə vasitəsilə Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinə nəql edilir və əməkdaşlıq coğrafiyası ildən-ilə genişlənir.
Dövlət başçısının çıxışında xüsusi vurğulandı ki, enerji layihələri yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır. Azərbaycan tərəfindən həyata keçirilən enerji siyasəti qarşılıqlı etimad, uzunmüddətli tərəfdaşlıq və regional sabitlik prinsiplərinə əsaslanır. Bu siyasət sayəsində ölkəmiz bir çox dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirib.
Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın bərpa olunan enerji sahəsində böyük potensiala malik olduğunu diqqətə çatdırdı. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan olunması və bu istiqamətdə həyata keçirilən layihələr ölkəmizin enerji strategiyasında yeni mərhələnin başlanmasından xəbər verir. Günəş və külək enerjisi layihələri Azərbaycanın gələcək enerji siyasətində mühüm rol oynayacaq.
Bu baxımdan Yaşıl Enerji Məşvərət Şurasının iclası da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq təkcə ənənəvi enerji resurslarının ixracatçısı kimi deyil, həm də qlobal enerji transformasiyasına töhfə verən ölkə kimi çıxış edir. Bu isə ölkənin iqtisadi inkişafına, ekoloji dayanıqlılığa və beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.
Bu gün Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası nəticəsində ölkəmiz regionun mühüm enerji mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət isə Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların gələcəkdə daha da genişlənəcəyini və ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin davamlı olacağını bir daha nümayiş etdirir.
Səbinə Həsənova,
YAP-ın fəalı



