Siyasət

İlham Əliyev Vu Honqbonu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlət başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı.

Qonaq bildirdi ki, Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəssürat hissi doğurur.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Dövlət başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirdi ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından böyük məmnunluq hissi duyur.

Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğuladı, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirdi və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini dedi. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndərdi.

Prezident İlham Əliyev COVID-19 pandemiyası zamanı Çin Xalq Respublikasının Sədrinə göndərdiyi məktubu xatırladaraq Çinin ölkəmizə vaksinləri ayırmasını və bunun nəticəsində Azərbaycanın dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğunu xüsusilə qeyd etdi, bunu ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirdi, bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini dedi.

Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verdi. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edildi.

Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olundular.

Oxşar Xəbərlər

Back to top button