Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı müsahibə zamanı sualları cavablandıraraq çox vacib məqamlara toxunub. Cənab Prezident ilk əvvəl, 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəriciləri və bu göstəricilərin 2025-ci il üçün hansı proqnozlara əsas yaratması ilə bağlı olan sualı cavablandıraraq qeyd etdi ki, keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki son vaxtlar neft hasilatında tənəzzüllə üzləşsək də aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
Maliyyə məsələsinə də toxunan ölkə başçısı, keçən il maliyyə vəziyyətimizin böyük dərəcədə yaxşılaşdığını, öz rezervlərimizi artıra bildiyimizi, keçən ilin büdcəsinin rekord səviyyədə olmağına baxmayaraq ,bir çox sosial proqramların icra edildiyini, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olunduğunu və buna baxmayaraq, valyuta ehtiyatlarımızın daha da artdığını vurğulayaraq il ərzində valyuta ehtiyatlarımızın təqribən 5 milyard dollardan çox artıdığını və bu gün bu rəqəmin 72 milyard dollara bərabər olduğunu söylədi. Əhalisi 10 milyon olan ölkə üçün bunun çox böyük göstərici olduğunu söyləyərək, dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanmasının, adambaşına düşən ehtiyatlara söykənməli olduğunu və bu göstəriciyə görə Azərbaycanın dünyada aparıcı ölkələrin sırasında olduğunu qeyd etdi. Prezident büdcə parametrlərinin hər bir ölkənin iqtisadi potensialını əks etdirdiyini, bu ilin büdcəsinin rekord səviyyədə olduğunu , büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu, icmal büdcənin isə 48 milyard manatı ötdüyünü, yəni Azərbaycan tarixində bu qədər böyük büdcənin olmadığını vurğuladı.
Növbəti sual Azərbaycanın beynəlxalq aləmdəki yeri ilə bağlı oldu. Ölkə başçısından yaxın zamanlarda D-8-ə üzv qəbul olunan ölkəmiz üçün hansı perspektivlərin açıldığını soruşuldu. Cənab Prezident cavab olaraq bunun bizim üçün növbəti uğurlu addım olduğunu, çünki Azərbaycanın bu təşkilata qəbul edilməsinin ölkəmizin nüfuzunu bir daha göstərdiyini, bu təşkilatın Türkiyənin təşəbbüsü ilə 30 il bundan əvvəl yarandığını və səkkiz ölkədən ibarət olduğunu, bu illər ərzində əlavə üzv qəbul edilmədiyini ,birinci genişlənmə qərarından sonra qəbul edilən üzvün Azərbaycan olduğunu diqqətə çatdırdı. Türk Dövlətləri Təşkilatının dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyini, çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birliyin olduğunu və D-8-in bu boşluğu doldura biləcəyini və bu ölkələrdə 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insanın yaşayıdığını nəzərə alaraq müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-də olduğunu, əhalinin 60 faizinin yenə də D-8 ölkələrində olduğunu qeyd etdi. Söylədi ki,bu bir fürsətdir və bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.
Ötən ilin əlamətdar hadisələrdən birinin də Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsi olduğunu vurğulayan növbəti müxbir buna nail olmağa imkan verən hansı amillərin uğurun təminatı olduğunu soruşdu. Cənab İlham Əliyev isə Ermənistanın könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amilin olduğunu qeyd etdi. Vətən müharibəsi və onun nəticələrinin , antiterror əməliyyatının böyük təsirinin olduğunu dedi. Qeyd etdi ki, mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra, hətta onun imzalanmasına qədər bu mövzu həmişə gündəlikdə durub və hətta deyərdim ki, üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da bizim tərəfimizdən qaldırılmışdı. Amma həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmadı, lakin bilirdik ki, bütün hallarda biz ona nail olacağıq. Yəni onlar bizim buna da nail olacağımızı bilirdilər.
Daha sonra isə digər jurnalistləri maraqlandıran suallara dolğun və ətraflı cavab verən İlham Əliyev vurğuladı ki, bugünki Azərbaycan onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə də bu dinamika saxlanılacaqdır.
Əlisoy Nərgiz,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin müəllimi