AnalitikaGündəmSiyasət

İkitərəfli münasibətlərin inkişafı davam edir

11 mart tarixində Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri başlayıb. Rəsmi qarşılanma mərasimi zamanı hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qonağı qarşılayıb. Daha sonra dövlət başçıları arasında təkbətək görüş keçirilib və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev Şimali Makedoniya dövlət başçısının Azərbaycana ikinci dəfə səfər etməsini ikitərəfli münasibətlərin inkişafında müsbət hal kimi qiymətləndirmiş, bu münasibətlərin daha da inkişaf etməsi üçün hər iki dövlətin müvafiq qurumlarının sıx təmasda olmalı olduqlarını xüsusi vurğulamışdır. Bundan əlavə, Prezident İlham Əliyev iki dövlət arasında ticari-iqtisadi əməkdaşlığın zəif olduğunu təəssüflə nəzərə çatdırmış, bu görüşün yaranmış boşluqları dolduracağını əminliklə qeyd etmişdir. Son ayların müsbət əlaməti ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Belə ki, Azərbaycan qazı artıq keçən ilin sonlarından başlayaraq Şimali Makedoniya bazarına ixrac edilməyə başlamışdır. Bu ildən isə müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcəkdir. Cənab Prezident Azərbaycanda yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparıldığını və dövlətimizin 10-u Avropa ölkəsi olmaqla 12 ölkəyə təbii qaz ixrac etdiyini xüsusi vurğulamışdır. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təmin etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev onu da nəzərə çatdırıb ki, bu gün Azərbaycan qarşısında duran əsas məsələlərdən biri qaz təchizatı sahəsinin əhatə dairəsini genişləndirməkdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il əvvəl Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış energetika sahəsində strateji tərəfdaşlıq bunun əyani sübutudur. Azərbaycan Avropadakı tərəfdaşlarının xahişlərinə hər zaman böyük diqqətlə yanaşmışdır. Sonda Dövlət Başçısı xalqlarımızın humanitar sahədə əmıkdaşlığına da böyük ehtiyac olduğunu qeyd etmiş və Şimali Makedoniya Prezidentinin baş tutacaq XII Qlobal Bakı Forumunda iştirakını müsbət qiymətləndirmişdir.

Cəfərova Ülviyyə,
Xəzər rayonu
, 117 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button