10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən imzalanan bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.
Bu bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı və Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Ən əsası isə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tamamilə məhv edilərək canlı qüvvəsinə də ciddi zərbə vuruldu. Ali Baş Komandan İlham Əliyevin israrlı və düşünülmüş mövqeyinin nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan çıxmaq və çıxış qrafikini bizə təqdim etməyə məcbur olmuşdur. Qarabağa artıq heç bir status verilmir və “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi daha yoxdur. Qarabağın da bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin Bəyanatın Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü təsdiq etməsi də danılmazdır. Azərbaycanın apardığı hərbi əməliyyatlar, əldə etdiyi qələbə və həm texniki imkanlar, operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra olunması baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır.
Onu da qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyinin şahidi oldu. Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Həmin günlərdə Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.
“Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ölkəmizin ən böyük rayonlarından olan Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində Dağlıq Qarabağda otuz ilə yaxın davam edən münaqişənin Azərbaycanın parlaq qələbəsi ilə bitdiyini və regionda yeni reallığın yaranmasını bəyan etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi hərbi-siyasi strategiya işğalçı erməni silahlı qüvvələrinin darmadağın edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnərək, regionda yeni reallıq yaratdı.
Beləliklə, Ermənilər tərəfindən uzun illər işğal altında saxlanılan ərazilər tamamilə qaytarıldı. Münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasıdır. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü və anladı ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Vətən müharibəsi dövründə yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində tətbiq etdiyi dünya hərb tarixində misli görünməmiş unikal döyüş taktikası ilə, hətta ən mükəmməl silahlı qüvvələrə malik olan ölkələri belə heyrətləndirdi. Bununla da xalqımızın ordumuza inam və etibarı özünü tamamilə doğrultdu. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşməni darmadağın etdi.
Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliiyəti nəticəsində 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Bu dəhliz Yaxın Şərq ölkələrinin Avropa, Afrika ilə münasibətlərinə, əlaqələrinə böyük töhfə verəcək. İnsanların həyat tərzi yaxşılaşacaq, yeni iş yerlərinin yaranması məşğulluğun yaxşılaşmasına, yoxsulluq səviyyəsinin azalmasına səbəb olacaq.
Qeyd edək ki, imzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan əraziləri ilə bağlı planları alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu.
Son olaraq qeyd etmək istəyirik ki, Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar aşağıdakılardır: Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması. Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması.
Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.
Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması. Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması.
2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması.
2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası.
Beləliklə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Əliyeva Könül,
Xəzər rayonu, E.Mansurov adına 88 nömrəli tam orta məktəbin təşkilatçısı