AnalitikaGündəmSiyasət

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir

Azərbaycan və Gürcüstan arasında tarixi, coğrafi və strateji baxımdan xüsusi əlaqələr mövcuddur. Bu münasibətlər təkcə dostluq bağları ilə məhdudlaşmır, həm də iqtisadi və enerji sahəsindəki əməkdaşlıqlar vasitəsilə daha da möhkəmlənir. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə iki ölkənin enerji sahəsində birgə əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr iki ölkənin strateji tərəfdaşlığını nümayiş etdirir. Bu layihələr təkcə regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Görüş zamanı iki lider enerji əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulayıblar. Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrin iştirakçısı kimi fayda götürməklə yanaşı, özünün strateji mövqeyini də gücləndirir. Prezident İlham Əliyev və İrakli Kobaxidzenin arasındakı görüş zamanı enerji sektorunda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən birgə istifadə və regional enerji layihələrinin genişləndirilməsi kimi məsələlər müzakirə edilib. Bu, iki ölkənin enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu göstərir.

Azərbaycanın enerji strategiyasının təməl prinsiplərindən biri davamlılıqdır. Gürcüstanla birgə həyata keçirilən layihələr isə bu prinsiplərin reallaşmasında mühüm rol oynayır. Xüsusilə bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıqlar, ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına töhfə verə bilər. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıq təkcə iqtisadi mənfəət gətirmir, həm də regionda sabitlik və tərəqqi üçün möhkəm zəmin yaradır.

Son olaraq qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstanın enerji tərəfdaşlığı qarşılıqlı etimad və strateji baxış üzərində qurulub. Bu münasibətlərin davam etdirilməsi regionun gələcək inkişafı və Avropanın enerji təhlükəsizliyi üçün əvəzolunmazdır. İki ölkənin liderləri arasında baş tutan bu görüşlər məhz bu hədəflərə xidmət edir.

Novruzov Əliəkbər,
YAP Xəzər rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button