İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür
Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır.
Bu baxımdan Prezident İlham Əliyevin Litvaya səfəri dövlətlərarası tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olması baxımdan mühüm rol oynayır. Son iki ildə prezidentlərin 3 dəfə görüşünün baş tutması təmasların hansı səviyyədə olmasından xəbər verir.
Azərbaycan və Litva tarixi əlaqələrə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Görkəmli şəxsiyyət Vincas Kreve-Mickevicisun 1919-cu ildə müstəqil Azərbaycan dövlətində Litvanın konsulu kimi çalışıb. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.
Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
Siyasi əlaqələrin və beynəlxalq arenada tərəfdaşlığın uzunmüddətli olması üçün dövlətlərin bir–biri ilə müxtəlif sahədə əməkdaşlığı əsas amildir. Buna görə cari ilin may ayının 22-də Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunu iqtisadi əlaqələr üçün yeni üfüq də adlandıra bilərik. Azərbaycan ilə Litva arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir, yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir. Biznes forumda hər iki prezidentin iştirakı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün maraqları açıq-aydın ifadə edir. Xüsusən Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır. Eyni zamanda, Azərbaycanda olan sabitlik, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması da özəl sektor üçün əlavə stimuldur.
Hər iki ölkənin yaşıl enerji siyasəti birgə əməkdaşlıq və mübadilə üçün də imkan yaradır.
“Azərbaycan-Litva biznes forumu xüsusilə Avropanın enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi baxımından çox mühüm hadisədir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak edən investisiya şirkətinin təsisçisi Tomas Frater deyib.
“Azərbaycanın enerji məsələlərində rolu çox böyükdür. Biz sizinlə bu sahədə əməkdaşlıqda maraqlıyıq. Burada mövcud olan enerji resursları nəzərə alınmaqla, gələcəkdə də Azərbaycana sərmayələr yatırılması mümkündür”, – o bildirib və Azərbaycanın Avropanın enerji bazarında ciddi oyunçu kimi mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb.
T. Frater yaxın gələcəkdə Bakıda əməkdaşlıq məsələlərinin müzakirəsini səbirsizliklə gözlədiyini deyib: “Biz həmçinin Azərbaycanın enerji resurslarının inkişafı sahəsində səylərini dəstəkləməyə hazırıq”.
Kənd təsərrüfatı məhsullarının emalı və ekoloji təmiz qida məhsullarının istehsalı ilə məşğul olan digər bir litvalı sahibkar Gintas Stasiunaitis istehsal etdikləri məhsulları Azərbaycan bazarında satmaqda maraqlı olduğunu bildirib. G.Stasiunaitis daha əvvəl də Azərbaycan-Litva forumunda iştirak etdiyini və bunun rəhbərlik etdiyi şirkətin əməkdaşlığın qurulmasına və məhsullarının Azərbaycana tədarükünə kömək etdiyini nəzərə çatdırıb.
“Biz ümid edirik və hətta əminik ki, bu forum daha da uğurlu olacaq və biz yeni əlaqələr qura biləcəyik. Azərbaycan çox yaxşı tərəfdaşdır, biz bunu bilirik, çünki biz burada artıq uğurla layihələr həyata keçirmişik”, – o deyib. Texnologiyalar və neft-kimya proseslərinin təhlili sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edən şirkəti təmsil edən Riçardas Sprana da bu biznes forumu işgüzar əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, həmçinin hər iki tərəf üçün faydalı olan yeni layihələrin aşkar olunması üçün yaxşı fürsət kimi qiymətləndirib.
Biznes forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, ümumilikdə, 80-dək şirkət təmsil olunub. Dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya istiqamətində Azərbaycan bir tərəfdən iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq, daha mütərəqqi texnika və texnologiyaları, elmi yenilikləri əldə etmək, digər tərəfdən də beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri reallaşdırmaq məqsədlərinə nail olmalıdır. Məhz bu səbəbdən xarici ticarət əlaqələrinin inkişaf etdirilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanın təmin olunması Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların strateji istiqamətlərindən biri olaraq müəyyən edilmişdir. Belə forumların keçirilməsi gələcəkdə ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə, Azərbaycanın dünya arenasında nüfuzlu ölkəyə çevrilməsinə səbəb olacaqdır.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi