
“Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın regional güc kimi artan rolunu, diplomatik çevikliyini və milli maraqlar üzərində qurulmuş prinsipial siyasətini bir daha nümayiş etdirdi. Forumun Şuşa şəhərində — Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi isə həm rəmzi, həm də strateji əhəmiyyət daşıyır. Şuşa Qlobal Media Forumu artıq ənənəyə çevrilib və burada yalnız media deyil, qlobal siyasi və iqtisadi proseslərdə müzakirə olunur. Bu, Azərbaycanın media azadlığına və beynəlxalq dialoqa verdiyi əhəmiyyəti göstərir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, forumda Qarabağ bölgəsində aparılan genişmiqyaslı yenidənqurma işləri və regional əlaqələrin genişləndirilməsi mühüm yer tutdu. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat arteriyası kimi təsdiqlənməsi Azərbaycanın Cənubi Qafqazda logistik qovşaq rolunu gücləndirir. Eyni zamanda Prezident İlham Əliyevin xüsusi vurğuladığı Çinlə münasibətlərin “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəlməsi, Tramp Administrasiyası ilə əməkdaşlıq perspektivləri və Avropa İttifaqı ilə enerji sahəsində strateji dialoq Azərbaycanın çoxtərəfli xarici siyasət kursunun effektivliyini göstərir.
“Prezident İlham Əliyev çıxışında Qarabağda separatizmə qarşı atılan addımların siyasi və mənəvi əsaslarını izah edərək, dövlətin suverenliyinin tam bərpa edildiyini bəyan edib. O, yeni reallıqların qəbul edilməsinin zəruriliyini vurğuladyıbvə Azərbaycanın güclü diplomatik mövqeyini nümayiş etdirib”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident Qərb mediasında Azərbaycana qarşı formalaşan neqativ stereotiplərə də toxunaraq, real informasiya və təmasların daha doğru rəyin formalaşmasına xidmət etdiyini bildirib. Forumun məhz bu baxımdan da əhəmiyyəti xüsusi qeyd edilib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı təkcə daxili və xarici siyasətin prioritetlərini deyil, həm də Azərbaycanın ədalətə, suverenliyə və konstruktiv dialoqa əsaslanan mövqeyini aydın şəkildə ortaya qoydu. Şuşa Forumu bu baxımdan regional və qlobal müzakirələr üçün unikal bir platformaya çevrilməkdədir.