AnalitikaGündəmSiyasət

III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi

Xankəndidə yeni inşa olunmuş Şuşa Konqres Mərkəzində keçirilən III Şuşa Qlobal Media Forumu, Azərbaycanın regional liderliyini və qlobal gündəliyə strateji baxışını bir daha nümayiş etdirdi. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən builki forum müasir dövrün informasiya çağırışlarına cavab axtarışında beynəlxalq platformaya çevrildi. 52 ölkədən 140-a yaxın xarici qonağın, onlarla informasiya agentliyi, media qurumu və beynəlxalq təşkilatın iştirakı forumun beynəlxalq nüfuzunu təsdiqlədi. Şuşa artıq təkcə mədəniyyət deyil, həm də qlobal media və intellektual debatların mərkəzinə çevrilir.

Prezident İlham Əliyev Forumun açılışında çıxışı zamanı Azərbaycanın ekoloji, informasiya və nəqliyyat strategiyalarını açıqladı. O, Bakının COP29-a ev sahibliyini ölkəmizin iqlim diplomatiyasındakı rolunun təsdiqi kimi təqdim etdi. Azərbaycanın yaşıl enerji siyasətinə sadiqliyi, xüsusilə azad edilmiş ərazilərdə su elektrik stansiyalarının inşası, ekoloji tarazlıq və enerji ixracında şaxələndirmə baxımından xüsusi önəm daşıyır.

Forumda Zəngəzur dəhlizinin əhəmiyyəti də diqqətə çatdırıldı. Prezident bu dəhlizin təkcə daxili deyil, beynəlxalq tranzit baxımından da əhəmiyyətli olduğunu vurğuladı. Azərbaycanın logistika imkanlarının genişlənməsi regionun geosiyasi xəritəsində mühüm rol oynayacaq.

Media sahəsində rəqəmsallaşma və süni intellektin təsiri forumun əsas müzakirə mövzularından biri oldu. Dezinformasiyaya qarşı mübarizədə texnoloji həllər və etik jurnalistika prinsipləri ön plana çəkildi.

Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media gündəmində təşəbbüskar mövqeyini möhkəmləndirməklə yanaşı, ölkəmizin “yaşıl enerji”, rəqəmsal transformasiya və geosiyasi sabitlik sahəsində qlobal aktor kimi çıxış etdiyini nümayiş etdirdi.

Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button