
2025-ci ilin iyul ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən III Qlobal Media Forumu dünya və regional səviyyəli media nümayəndələrinin, ekspertlərin və rəqəmsal informasiya mühitinin aparıcı fiqurlarının iştirak etdiyi mühüm platformaya çevrildi.
Forumun ən diqqət çəkən və strateji məqamı isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin açılış çıxışı oldu. Onun nitqi təkcə tədbirin başlanğıcını rəsmiləşdirməklə kifayətlənmədi, həm də Azərbaycan dövlətinin regional və qlobal informasiya siyasətinə baxışını ortaya qoydu.
İlham Əliyev çıxışında Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətinə toxunaraq bildirdi ki, bu şəhərdə belə beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının canlı sübutudur.
Şuşada keçirilən media forumunun Azərbaycanın informasiya suverenliyi və mədəni kimliyi baxımından simvolik dəyər daşıdığını vurğulayan Prezident, Qafqazın zirvəsindən dünya ictimaiyyətinə sülh, əməkdaşlıq və inkişaf çağırışlarını çatdırdı.
Çıxışın mühüm hissəsi Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqlara və sülh təşəbbüslərinə həsr olunmuşdu. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanla normallaşma istiqamətində Azərbaycanın atdığı addımlar qarşı tərəfdən gələn qeyri-səmimi yanaşmalara baxmayaraq davam etdirilir.
O qeyd etdi ki, Azərbaycan konstruktiv mövqedə qalır və Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün konkret təkliflər irəli sürür.
Prezident İlham Əliyev öz çıxışında müasir dövrdə medianın rolunu və informasiya təhlükəsizliyini xüsusi vurğuladı. O bildirdi ki, informasiya manipulyasiyaları, feyk xəbərlər və dezinformasiya müharibələri artıq müasir çağırışların əsas hissəsinə çevrilib.
Azərbaycan Prezidenti bu kontekstdə beynəlxalq media qurumlarını daha məsuliyyətli olmağa, ikili standartlardan çəkinməyə və informasiya sahəsində obyektivliyə önəm verməyə çağırdı.
O, Azərbaycanın bu istiqamətdə “Media haqqında” yeni qanunvericiliyi və media islahatlarını həyata keçirdiyini, yerli jurnalistikanın inkişafı üçün şəraitin yaradıldığını vurğuladı.
İlham Əliyev çıxışında sosial şəbəkələrin roluna da toxundu. O qeyd etdi ki, rəqəmsal informasiya mühiti bir tərəfdən söz azadlığını təmin edən vasitə kimi çıxış etsə də, digər tərəfdən yanlış və təxribat xarakterli məlumatların yayılması üçün də zəmin yaradır.
Azərbaycanın bu çağırışlara qarşı texnoloji həllər və hüquqi mexanizmlərlə cavab verdiyini qeyd edən Prezident, beynəlxalq media ictimaiyyətini də bu istiqamətdə əməkdaşlığa dəvət etdi.
Azərbaycan artıq təkcə regional deyil, qlobal informasiya siyasətində də fəal iştirakçıdır. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz beynəlxalq media platforması rolunu gücləndirərək, sivilizasiyalar arasında körpü olma missiyasını uğurla davam etdirir.
Şuşa Media Forumu bu baxımdan yalnız media tədbiri deyil, həm də Azərbaycanın yumşaq güc siyasətinin tərkib hissəsi kimi çıxış edir.
Məmmədova Nərmin
Yeni Azərbaycan Partiyası məsləhətçi