“Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxışda Azərbaycanın idman sahəsində əldə etdiyi böyük uğurlardan xüsusilə bəhs edib. Ölkəmizin idmançıları 2024-cü il ərzində 1700-ə yaxın medal qazanaraq, Azərbaycanın beynəlxalq arenada öz gücünü bir daha göstərdiyini qeyd edib. Bu nəticələr idmanımızın sürətlə inkişaf etdiyini, yeni nəsil idmançıların yetişdiyini və Azərbaycanın idman dövləti kimi öz mövqeyini möhkəmləndirdiyini sübut edir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın Olimpiya Oyunlarında 30-cu yeri tutaraq tarixindəki ən yüksək nəticəni əldə edib. Bu, Azərbaycan üçün böyük bir nailiyyət olmaqla yanaşı, müsəlman ölkələri arasında üçüncü sırada yer almaq da tarixi bir uğurdur. Bu göstəricilər həm də ölkəmizin güclü və davamlı inkişaf edən bir idman sisteminə sahib olduğunu ortaya qoyur. Heç şübhəsiz idmançılarımızın qazandıqları medalların arxasında yalnız fiziki bacarıq yox, həm də vətənpərvərlik və milli dəyərlər dayanır:
“Azərbaycanda idman infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanın 44 Olimpiya İdman Kompleksi mövcuddur və onların tikintisi davam edir. Həmçinin, Qarabağ bölgəsində də idman obyektləri yaradılır ki, bu da bölgənin bərpası və inkişafına töhfə verir. Prezident İlham Əliyev, xüsusilə, azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasının yalnız idman deyil, həm də sosial və mədəni həyatın canlanmasına səbəb olduğunu vurğulayıb”.
Onun sözlərinə görə, Azərbaycan idmançılarının qazandıqları uğurlar ölkəmizin beynəlxalq nüfuzunu artırdığını və Azərbaycanın güclü, müstəqil və ləyaqətli bir dövlət olaraq öz yolunda inamla irəlilədiyini göstərir. Bu uğurlar sadəcə idman sahəsində deyil, ümumilikdə ölkənin inkişafının göstəricisi olaraq qəbul edilir.