AnalitikaGündəmİdman

İdman tariximizin qürurlu səhifələri

2024-cü il Azərbaycan idmanı üçün çox uğurlu bir il olmuşdur. Bu il ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda diqqətəlayiq nəticələr əldə etmiş, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmışlar. 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev Azərbaycanın idman sahəsindəki müvəffəqiyyətlərini vurğuladı, həmçinin bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq növbəti addımlara dair mühüm mesajlar verdi. Prezidentin çıxışı, ölkənin idman siyasətindəki mövcud vəziyyəti təhlil etməklə yanaşı, gələcəkdə daha böyük idman nailiyyətlərinə imza atmaq üçün nəzərdə tutulan hədəfləri də ortaya qoydu. Bu çıxış, idmançılarımıza və məşqçilərimizə olan dəstəyin göstərilməsi, eyni zamanda dövlətin idman sahəsinə verdiyi əhəmiyyətin bir göstəricisidir.

Ölkə başçısının çıxışında ən çox diqqət çəkən məsələlərdən biri də idman infrastrukturuna edilən yatırımlardır. İlham Əliyev, son illərdə Azərbaycanda idman obyektlərinin inşası və təmiri ilə bağlı atılan addımlara toxunaraq, ölkənin idman imkanlarının artırıldığını bildirdi. Yeni idman kompleksləri, stadionlar, məşq mərkəzləri və olimpiya kompleksləri, Azərbaycanın idmançılarına daha yaxşı şərait təmin etməklə yanaşı, ölkə daxilində idmana olan marağı daha da artırmışdır.   Eyni zamanda, Prezident məşqçilərin və idman mütəxəssislərinin hazırlığı məsələsinə də xüsusi diqqət ayırır. O, idman sahəsində keyfiyyətli məşqçi heyətinin və peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə görülən işlərin davam etdiriləcəyini qeyd etdi. Prezidentin bu diqqəti, Azərbaycanda idman təhsilinin inkişafı və gələcəkdə yüksək səviyyəli idmançıların yetişdirilməsi məqsədinə yönəldilmiş konkret addımların atıldığını göstərir.

Prezident İlham Əliyev Azərbaycan idmançılarının hər bir uğurunun ölkə üçün böyük bir qürur olduğunu bildirib. Dövlət başçısı, idmançılara və onların əldə etdiyi nailiyyətlərə olan yüksək qiymətini ifadə edərək,  bu uğurların gələcəkdə daha da artacağına olan inamını bildirdi. O, idmançılarımızın yalnız beynəlxalq arenada qələbələrini deyil, həm də onların şəxsi inkişafını və sosial rifahını ön planda tutduğunu qeyd etdi.Prezident İlham Əliyev, çıxışında həmçinin idman sahəsində qarşıdakı hədəflərdən bəhs etdi. Bu hədəflər arasında Azərbaycan idmanının daha çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, yeni idman növlərində uğurlar qazanılması və kütləvi idmanla məşğul olan insanların sayının artırılması yer aldı. İlham Əliyev, idman sahəsindəki inkişafın yalnız medalların qazanılması ilə ölçülmədiyini, eyni zamanda, ölkə daxilində idmanın daha geniş yayılmasının və hər yaşdan insanın idmanla məşğul olmasının vacibliyini diqqətə çatdırdı.

Bundan başqa, idman yekunlarına həsr olunan çıxışında prezidentin vurğuladığı əsas məqamlardan biri də bölgələrdə və xüsusilə azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafıdır. Azad edilmiş ərazilərdə idman infrastrukturu yalnız fiziki obyektlərin tikintisi ilə məhdudlaşmır. Bu ərazilərdə idman mədəniyyətinin bərpası və inkişafı da vacibdir. Prezidentin qeyd etdiyi kimi, keçmiş köçkünlərin yaşam şəraiti və həyat keyfiyyəti ilə yanaşı, onların mədəni və idman həyatının da inkişaf etdirilməsi məqsəd qoyulub. Prezident gələcəkdə daha çox beynəlxalq idman yarışlarının təşkil edilməsini və Azərbaycanda keçirilən yarışların nüfuzunun artırılmasını xüsusilə qeyd etdi. Bu cür tədbirlər, ölkənin idman infrastrukturunun inkişafına, həmçinin yerli idmançılarımızın təcrübə qazanmasına təkan verəcək

Gələn il Üçüncü MDB (Müstəqil Dövlətlər Birliyi) Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi nəzərdə tutulmuşdur. Üçüncü MDB Oyunlarının Azərbaycanda keçirilməsi, Azərbaycanın idman inkişafının növbəti mərhələsinə keçidi simvollaşdırır. Bu, yalnız idmançılar üçün bir yarış meydanı deyil, həm də Azərbaycan xalqının idman mədəniyyətini daha da inkişaf etdirmək, gəncləri idmana təşviq etmək və ölkə daxilində idman infrastrukturu layihələrini daha da irəliyə  aparmaq  üçün bir platformadır.

Prezident İlham Əliyevin 2024-cü ilin idman yekunlarına həsr olunan çıxışı, Azərbaycanın idman sahəsindəki gələcək inkişaf perspektivlərini işıqlandırır və ölkəmizin beynəlxalq idman aləmində daha böyük uğurlara imza atacağına olan inamını artırır. Azad edilmiş ərazilərdə idman infrastrukturunun  yaradılması, bölgələrdə idmanın daha da kütləviliyinin təmin edilməsi və gələcək nəsillər üçün sağlam və idmanla zəngin bir mühitin qurulması, Azərbaycanın idman siyasətinin uzunmüddətli və davamlı inkişafına xidmət edəcək. Dövlətin bu sahəyə verdiyi yüksək dəstək, Azərbaycanı idman sahəsində daha güclü və nüfuzlu bir ölkəyə çevirəcək.

Ülviyyə Məmmədova,
Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin Təlim tərbiyə uşləri üzrə direktor müavini

Oxşar Xəbərlər

Back to top button