Azərbaycanın hərtərəfli inkişafı beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinə və roluna təsir göstərən mühüm amillərdəndir. Bu gün Azərbaycana hansı rakursdan baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişaf modelini dünyaya nümunə göstərdi. Ölkəmizin idman dövləti kimi qazandığı uğurlar da təqdirəlayiqdir. Dövlət başçımızın bir neçə gün əvvəl 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışı ölkə idmanının keçdiyi inkişaf yolunun, hazırkı dövrdə qarşıda dayanan vəzifələrin ümumi mənzərəsini təqdim etdi. Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin Azərbaycanın beynəlxalq imicinə böyük təsir göstərdiyini əminliklə söyləyə bilərik. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada təqdimatıdır. Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəklərə qaldırılması ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu qələbələr gənclərimizdə qürur yaratmaqla yanaşı, Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün məsuliyyət hisslərinin daha da artırılmasına stimul olur.
Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Regionların inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bölgəsində müasir Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. 50-yə yaxın belə kompleks artıq inşa edilib. Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu Azərbaycanda reallaşan beynəlxalq forumlar, konfranslar ölkəmizi Şərq ilə Qərbi birləşdirən körpü, sivilizasiyalararası dialoq mərkəzi kimi tanıtdığı üçün idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda, olimpiadalarda, oyunlarda iştirakçıların sayı ölkəmizə olan inamın, verilən yüksək dəyərin fonunda daha çox olur. Onlar Azərbaycanın uğurlarından heyrətlərini gizlədə bilmirlər.
Əminliklə demək olar ki, Azərbaycan idmanı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, idmançılarımız yeni-yeni naliyyətlər qazanacaq.
Süsən Qulamova,
187 saylı orta məktəbin müəllimi