AnalitikaGündəmSiyasət

Hüquqi dövlətin formalaşmasında Konstitusiyanın rolu

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra dövlətçiliyin əsas dayaqlarından biri kimi 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, siyasi və ictimai həyatında mühüm dönüş nöqtəsi olmuşdur. Bu sənəd demokratik, hüquqi və dünyəvi dövlətin qurulması üçün möhkəm hüquqi baza yaratmış, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi təsbit etmişdir. Məhz buna görə də 12 noyabr tarixi – Konstitusiya Günü, Azərbaycan xalqının müasir dövlət quruculuğu tarixində xüsusi yer tutur.

Azərbaycan Konstitusiyası müasir dövrün hüquqi dövlət meyillərinə uyğun olaraq insan hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi müəyyən edir. Konstitusiyanın 12-ci maddəsində açıq şəkildə qeyd olunur ki, “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.” Bu müddəa hüquqi dövlətin əsas prinsipini – vətəndaşın dövlət qarşısında deyil, dövlətin vətəndaş qarşısında məsuliyyət daşıması prinsipini təsbit edir.

Konstitusiyada qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin ayrılığı prinsipi demokratik idarəetmə sisteminin mühüm əsası kimi təsbit olunmuşdur. Bu, hüquqi dövlətin əsas xüsusiyyətlərindən biridir və hakimiyyətin bir mərkəzdə cəmlənməsinin qarşısını alır. Hakimiyyət qolları arasında qarşılıqlı balansın və nəzarətin mövcudluğu dövlət idarəçiliyinin şəffaf, ədalətli və məsuliyyətli olmasına xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyası həm də beynəlxalq hüququn əsas prinsipləri ilə vəhdət təşkil edir. Dövlətimizin bir çox beynəlxalq insan hüquqları sazişlərinə qoşulması və bu öhdəliklərin milli qanunvericilikdə əksini tapması, Konstitusiyanın müasir qlobal hüquqi meyillərlə uyğunluğunu göstərir. Xüsusilə sosial ədalət, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və sosial təminatla bağlı müddəalar hüquqi dövlətin sosial yönümlü xarakterini əks etdirir.

Son illər ərzində Konstitusiyaya edilən əlavə və dəyişikliklər də müasir dövrün tələblərinə cavab verən hüquqi dövlət modelinin formalaşmasına yönəlmişdir. 2002, 2009, 2016-cı illərdə aparılan islahatlar idarəetmənin təkmilləşdirilməsinə, vətəndaşların hüquqlarının genişləndirilməsinə və dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaratmışdır.

Bu gün Azərbaycan Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də xalqın iradəsini, azadlıq və ədalət arzusunu təcəssüm etdirən ideoloji bəyannamədir. Konstitusiyada təsbit olunmuş dəyərlər müasir dövrdə həyata keçirilən islahatların, elektron idarəetmənin inkişafının, şəffaf və ədalətli hüquq sisteminin qurulmasının əsasını təşkil edir.

Nəticə etibarilə, Azərbaycan Respublikasının Konstitusiyası müasir hüquqi dövlət quruculuğunun əsas istiqamətlərini özündə əks etdirən, insan amilini ali dəyər kimi önə çəkən mükəmməl sənəddir. Bu sənədin qəbul edilməsi ilə ölkəmiz demokratik inkişaf yoluna qədəm qoymuş, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində mühüm addımlar atmışdır.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button