
Müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasında insan amilinə verilən yüksək dəyər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsasını təşkil edib. Məhz onun rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin möhkəm hüquqi əsaslarını yaradıb. Fundamental islahatlarla yadda qalan bu siyasi xətt insan hüquq və azadlıqlarının qorunmasını ön plana çəkərək humanizm, mərhəmət və insanpərvərlik kimi ali dəyərlərin təcəssümünə çevrilib.
Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin tam bərpa edilməsini və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunmasını tarixi nailiyyət kimi dəyərləndirərək humanizm ənənələrinə sadiqliyini davam etdirir. Bu yanaşmanın məntiqi nəticəsi olaraq, cəzadan azad edilən şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına və dövlətin inkişafına töhfə verəcəklərinə ümid ifadə edilərək 15 dekabr 2025-ci il tarixində amnistiya elan olunması təşəbbüsü irəli sürülüb. Bu cür addımlar demokratik inkişafın prioritet təşkil etdiyi Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edildiyini bir daha nümayiş etdirir. Multikulturalizm və tolerantlıq üzərində qurulan humanizm siyasəti beynəlxalq müstəvidə də dəstək qazanır. Prezident tərəfindən imzalanan əfv sərəncamları və qəbul edilən amnistiya aktları bu siyasətin ayrılmaz tərkib hissəsidir.
1995-ci ildən etibarən qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsi əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya isə 17 mindən çox insana şamil olunub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə 32 əfv fərmanı imzalanmış, 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev tərəfindən isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb və 5 amnistiya aktı həyata keçirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə irəli sürdüyü təşəbbüslər əsasında 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktlarının qəbul edilməsi də bu humanist siyasətin davamıdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan yeni Amnistiya aktının miqyasına görə ən geniş amnistiya olacağı gözlənilir. Proqnozlara əsasən, bu sənəd ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək, onlardan 5 mindən artıq insan azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, minlərlə şəxsin isə cəzası azaldılacaq və ya tamamilə ləğv olunacaq.
Bu gün dünyanın istənilən nöqtəsində yaşayan hər bir azərbaycanlı qalib və bütöv Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirir. Azərbaycan beynəlxalq aləmdə sabitlik, təhlükəsizlik və tolerantlıq məkanı kimi tanınaraq nüfuzunu davamlı şəkildə möhkəmləndirir. Aparılan islahatlar və qəbul edilən qərarlar bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində daim vətəndaş amili dayanır və Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



