AnalitikaGündəmSiyasət

Heydər Əliyevin siyasi həyata yenidən qayıdışı

Azərbaycanın müasir tarixində elə şəxsiyyətlər vardır ki, onların həyat yolu yalnız şəxsi talelərinin deyil, bütöv bir xalqın taleyinin salnaməsinə çevrilir. Heydər Əliyevin siyasi ömrü də məhz belə bir tarixdir. O, dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışdığı illərdə Azərbaycanın inkişafı və milli maraqları ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, siyasi təzyiqlər qarşısında mövqeyini qorumaqdan çəkinməmişdir. 1987-ci ildə SSRİ rəhbərliyinin siyasi xəttinə etiraz olaraq tutduğu vəzifələrdən istefa verməsi onun siyasi iradəsinin mühüm nümunələrindən biri kimi tarixə düşmüşdür. Lakin Heydər Əliyevin həyatında ən ağır və təhlükəli məqamlardan biri 20 Yanvar faciəsindən sonra yaşandı. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi faciəni açıq şəkildə pisləməsi və cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etməsi böyük siyasi cəsarət tələb edirdi. Həmin dövrün sərt siyasi mühitində belə bir mövqedən çıxış etmək şəxsi təhlükəsizliyi də nəzərə almağı tələb edən ciddi addım idi. Buna baxmayaraq, Heydər Əliyev susmadı, xalqının yanında dayandı və Azərbaycanın haqq səsini yüksəltdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışı da sakit və təhlükəsiz bir dövrə təsadüf etməmişdi. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, daha sonra Naxçıvanda fəaliyyət göstərdi. Naxçıvanın mürəkkəb ictimai-siyasi şəraitində onun qarşısında böyük məsuliyyət dayanırdı. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Heydər Əliyev burada dövlətçilik ənənələrinin qorunması və milli iradənin ifadə olunması istiqamətində mühüm addımlar atdı. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması prosesinə rəhbərlik etməsi də onun siyasi fəaliyyətinin yeni mərhələsini formalaşdırdı. Lakin 1993-cü ildə Azərbaycanda vəziyyət daha da ağırlaşdı. Ölkə vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Heydər Əliyev xalqın çağırışına cavab verərək Bakıya gəldi. O, son dərəcə mürəkkəb siyasi şəraitə baxmayaraq məsuliyyəti üzərinə götürdü. 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilməsi, ardınca prezident səlahiyyətlərini həyata keçirməsi və həmin ilin oktyabrında prezident seçilməsi Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanmasına gətirib çıxardı.
Dahi şəxsiyyət Heydər Əliyevin həyatını təhlükə qarşısında qoyan əsas məqamların arxasında bir düşüncə dayanırdı: dövlətin və xalqın taleyi şəxsi rahatlıqdan üstün tutulmalıdır. O, ən mürəkkəb məqamlarda siyasi məsuliyyətdən kənarda dayanmağı deyil, ağır yükü öz üzərinə götürməyi seçdi. 1993-cü ildə dövlət idarəçiliyinin, təhlükəsizliyin və iqtisadi həyatın ciddi böhran yaşadığı bir şəraitdə onun rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, sabitliyin yaradılması və müstəqil dövlət quruculuğunun əsaslarının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi. Rəsmi tarix mənbələrində 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın müstəqilliyinin qorunması və dövlət quruculuğunun möhkəmlənməsi baxımından dönüş nöqtəsi olduğu qeyd edilir. Bu baxımdan Heydər Əliyevin həyat yolu yalnız siyasi fəaliyyət nümunəsi deyil, həm də xalq qarşısında məsuliyyətin, dövlətçilik əqidəsinin və çətin anlarda iradə nümayiş etdirməyin tarixidir.

Gülər Hüseynova,
YAP Xəzər rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button