Analitika

Heydər Əliyevin şah əsəri olan Azərbaycan uğurla inkişaf edir

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyasından danışmaq səbəbsiz deyil. Ümummilli Lider “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. O da məlumdur ki, ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəyini müstəqil görərək bu istiqamətdə mühüm addımlar atmışdı. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün C.Naxçıvanski adına hərbi liseyin yaradılması atılan addımların əsas tərkib hissəsidir. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls və inkişaf parametrləri kəsb edərək əslində özünün yeni mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. 2003-cü və 2008-ci illərdə ölkədə keçirilən prezident seçkilərində Heydər Əliyevin siyasi varisi İlham Əliyevin inamlı qələbəsi, hazırda həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və bundan sonra da hələ uzun müddət davam etmək resurslarına malikdir. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi haqqında qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki surətli və hərtərəfli yüksəliş illəri, bəlkə də intibahı adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları – bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, heç şübhəsiz, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Böyük tarixi şəxsiyyətlərin rolunu adekvat şəkildə qiymətləndirmək asan olmur. Görünür, bu həm də onunla əlaqədardır ki, dünyamiqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin elə özünü yaradır. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir.Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması da artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır. Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliləyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində, bu, Heydər Əliyevin tarixi missiyasının təntənəsi, müasir Azərbaycanın yaradılması deməkdir. Bu gün Heydər Əliyevin şah əsəri olan Azərbaycan uğurla inkişaf edir, yeni hədəfləri müəyyənləşdirməklə gələcəyə inamla baxır. Bugünkü və gələcək nəsil Ulu Öndərin, XX əsrin böyük ictimai və siyasi xadiminin həyatını yaxşı öyrənməli, ideyalarını mənimsəməli və təbliğ etməlidir. Məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. Son 19 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyatımızın bütün sferalarında ciddi yeniliklər və uğurlar qazanılıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü sayəsində qazandığımız tarixi Zəfər və onun yaratdığı reallıqlar fonunda qalib Azərbaycan zirvələri fəth edir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button