Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşması və inkişafında rolu
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərkən, artıq Ermənistan Respublikası ilə müharibə şəraitində idi. Bütün tarixlər boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara əl altından havadarlıq edən və ölkəmizi parçalayaraq, onun müstəqilliyinə mane olmaq istəyən anti-Azərbaycan qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işğal etmişdilər. Həmin zamanlar ölkə rəhbərliyində olan səriştəsiz, qeyri-peşəkar şəxslər qətiyyətsizlik, idarəsizlik, naşılıq nümayiş etdirərək, öz sözünü deyə biləcək, peşəkar silahlı qüvvələri yarada bilmədilər.
Ümumiyyətlə, ordu quruculuğunda düzgün siyasətin yeridilməsi nəticəsində xalqın orduya etdiyi təmənnasız yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının mənfur düşməninə layiqli müqavimət göstərmələrinə baxmayaraq, könüllülərdən, pərakəndə batalyonlardan ibarət olan silahlı qüvvələrimiz ardıcıl uğursuzluqlara düçar oldu.
Məhz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti təməli dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına geniş şərait yaratdı. Ulu Öndərin hakimiyyətə qayıdışı və cəbhə xətti boyunca atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi silahlı qüvvələrdə də köklü və əsaslı islahatların aparılmasıea imkan yaratdı. Silahlı qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, döyüş hissələrinin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin siyasi, eləcə də, təxribatçılıq ünsürlərindən təmizlənməsi Azərbaycan ordusunu, ölkəmizin silahlı qüvvələrini keyfiyyətcə yeniləşdirdi, modernləşdirməyə doğru apardı.
Ümummilli Lider Heydər Əliyevin silahlı qüvvələrə göstərdiyi diqqət və qayğının önəmli nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı öncəki illərdən fərqlənərək əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmələrin və hərbi hissələrin maddi-texniki, təbii, səyyar və digər vasitələrlə təmin edilməsi təşkil olunurdu. Bununla yanaşı, maliyyə-təsərrüfat fəaliyyəti də nizama salındı. Ölkəmizin silahlı qüvvələrinə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vəsaitlərin istehsal olunması üçün sifarişlərin Azərbaycan Respublikasının sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı zabit və əsgərlərin vətən qarşısında öz borclarını şərəflə yerinə yetirməsi, dövlətçilik prinsipinə sədaqətlə xidmət göstərmələri bir daha isbatladı ki, şəxsi heyət arasında müstəqillik amalı və hərbi anda sədaqət hissi, yeni mənəvi-psixoloji iş formalaşmış, ordu hissələri artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələri xidmət edən təxribatçılardan, casuslardan xeyli təmizlənmişdir.
Ulu Öndərin xüsusi diqqəti nəticəsində təlim və tərbiyənin düzgün qurulması istiqamətində mühüm işlərə başlanılmış, ordunun daha da gücləndirilməsi üçün müvafiq nizamnamələr, təlimatlar hazırlanmış və tətbiq edilmişdir. Eyni zamanda, ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilmiş və artıq Azərbaycan ordusunun mükəmməl qanunvericilik bazası yaradılmışdır.
Ordu quruculuğunun müasir mərhələdə silahlı qüvvələrdə aparılan islahatların əsas məqsədlərindən biri qoşunların vətənə, Azərbaycan xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığına malik zabit, gizir və miçmanlarla tam komplektləşdirilməsinə nail olmaqdır. Silahlı qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi Ali Baş Komandanın göstərişlərinə və Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə uyğun vahid plan əsasında aparılır və ardıcıl xarakter daşıyır.
Ulu Öndərimiz Heydər Əliyevin sayəsində ölkəmizdə milli-hərbi kadrların yetişdirilməsi üçün müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu məqsədlə, Ümummilli Liderimiz hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Artıq bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabitləri qardaş Türkiyə Respublikasının, Rusiyanın, Ukraynanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Rumıniyanın, Macarıstanın hərbi akademiyalarında və dinləmə kurslarında da təhsil alırlar. Silahlı qüvvələrin şəxsi heyətinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 1993-cü ildən başlayaraq, hərbi qulluqçuların, Müdafiə Nazirliyi sistemində işləyən fəhlə və qulluqçuların əmək haqqı artırılmış, şəxsi heyətin tibbi, ərzaq və əşya-əmlak təminatının yaxşılaşdırılması istiqamətində iş aparılmışdır. Hərbi hadisələrin maddi-texniki bazaları, əsgər yataqxanaları müasir tələblərə uyğun təmir edilmiş, şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkili üçün texniki təbliğat vasitələrinin təminatına diqqət artırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərc-mərclik illərindəki siyasi oyunlardan və siyasi qalmaqallardan uzaqlaşdırılması, onların intizamlı, mənəvi cəhətdən saf, yüksək peşəkarlığı ilə seçilən kadrlarla təmin olunması, təchizatının yaxşılaşdırılması, quruculuq işlərinin elmi əsaslarla aparılması, ordunun güclənməsi, vətənimizin suverenliyinin və müstəqilliyinin möhkəm təminatçısına çevrilməsi məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında aparılan işlərin, Onun tələbkarlığının məntiqi nəticəsidir.
Murad Zeynalov,
YAP-ın fəalı