Analitika

Heydər Əliyev və Azərbaycanın Müstəqilliyi

Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqətli, faciəli anlar, ağrılı günlər öz izini qoymuşdur. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

Doğrudur, ümummilli lider milli müstəqillik probleminə həsr edilmiş xüsusi elmi əsərlər yazmamışdır. Lakin özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük.

Sxolastik düşüncə tərzini kəskin tənqid edən Heydər Əliyevin müstəqillik konsepsiyası mühüm nəzəri- praktik model kimi milli reallıqlarımızın və bu reallıqların xarici faktorlarla şərtlənməsinin analitik, yaradıcı dərkinin məhsuludur. Odur ki, biz Heydər Əliyevin müstəqillik konsepsiyasının formalaşmasının ilkin şərtləri olan xarici və daxili faktorlara toxunmaq istərdik. Kontinental imperiya olmuş Sovetlər İttifaqının dağılmasından sonra “soyuq müharibə”, “qorxunun tarazlığı”, “nüvə qışı” kimi düşüncələri narahat edən metaforik ifadələrin qlobal siyasi şüurdan hələ tam psixoloji mənada sıxışdırılmadığı bir beynəlxalq şəraitdə Azərbaycan Respublikasının dünya inteqrasiya proseslərinə qoşulması hakimiyyətə qayıdışının ilk günlərindən ulu öndərin başlıca və ardıcıl dövlətçilik idealı olmuşdur.

Konsepsiyanın beynəlxalq dəyərindən söhbət salarkən belə bir tarixi paraleli xüsusi göstərmək lazımdır ki, Heydər Əliyev milli varlığımızın təminatı olan müstəqillik konsepsiyasını işləyərkən sabiq Fransa prezidenti F.Mitteranın Avropa konfederasiyası, ABŞ prezidenti C.Buşun (ata) bütöv demokratik Avropa, Almaniyanın xarici işlər naziri Q.Qenşerin Avropada yeni dünya nizamı haqqında konseptual mülahizələri irəli sürülürdü. Deməli, Azərbaycan üçün o dövrdə öz müstəqilliyini təsdiq etdirmək dünya birliyinə tədricən inteqrasiya etmək zərurəti idi. Bu mənada müstəqillik konsepsiyasını zamanın konkret sosial-siyasi vəziyyət məcrasında nəzərdən keçirmək lazımdır. Məsələ burasındadır ki, konsepsiyanın işlənildiyi ziddiyyətli dövrdə, yəni Azərbaycanda 80- ci illərin sonu və 90-cı illərin əvvəlində fərdi, ictimai və milli şüur haçalanmışdı. Kütləvi şüurda qarşıdurmaya və başdan-başa dağıdıcılığa olan meyil sosial həyatın təşkilinin pozitiv prinsiplərini üstələyirdi. Sovet rejiminin struktur böhranının tələblərini analitik təhlil edən Heydər Əliyev görürdü ki, 1989-cu ildən başlayaraq yenidənqurmanın əsas problemlərinin həllinin uğursuzluğa düçar olması nəticəsində ölkə uçurum qarşısındadır. Yeniliklərlə ayaqlaşan idarəçilik konsepsiyasının olmaması və rəhbərliyin açıq-aşkar zəifliyi və acizliyi ucbatından yenidənqurmanın “sosializmi yeniləşdirmək” kimi ritorik nəzəriyyəçiliyə aludə olmuş Moskva “memarları” tarixi məqamı ötürmüş, mərkəzin yeni orqanları isə səriştəli qərar qəbul etmək qabiliyyətini itirmişlər. Belə halda, onların fikrincə, kontinental imperiyanın iflası daha geniş miqyas, qlobal xarakter alacaq və bu, yeni demokratiyaların müstəqillik uğrunda mübarizəsinə qlobal təsir göstərəcəkdir.

Murad Zeynalov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button