SosialGündəmSiyasət

“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”

06 may 2025 – ci il tarixində Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirildi.

Globalnews.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini Ramilə Seyidova, Siyəzən rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aydan Ramazanova, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Tağıyev, Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Siyəzən rayon Bələdiyyəsinin sədr müavini Nərmin Nəbiyeva, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların  rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qonaqlar ilk öncə görkəmli dövlət xadiminin həyatını və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirildi ki, məhz Ulu öndərin məqsədyönlü, uzaqgörən siyasətinin nəticəsində ölkəmiz tənəzzüldən tərəqqiyə qədəm qoymuş,  müasir, gündən-günə inkişaf edən Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuşdur.

Eyni zamanda ölkəmizin keçdiyi hərtərəfli inkişaf yolundan danışan natiqlər qeyd edib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin gələcəyə hesablanmış ideyalarını uğurla həyata keçirmiş, ata vəsiyyətini yerinə yetirərək qalib sərkərdə kimi Azərbaycanı dünyada tanıtmışdır.

Sonda vurğulandı ki, ömrünü Vətəninə, xalqına həsr etmiş görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Tədbirin davamında “ Dahi Lider” filmi nümayiş olunub.

Oxşar Xəbərlər

Back to top button