
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” adlı layihə üzrə AZTU nəzdində Bakı Texniki Kollecində tədbir təşkil olunub.
Globalnews.az xəbər verir ki, tədbirdə Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov, YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli, kollecin direktor müavini Mələk Nağıyeva, kollecin tarix müəllimi Zeynəb Atayeva, layihə rəhbəri Mürsəl Bəkirli və başqaları çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, hüquqi dövlət prinsiplərinin formalaşmasında və milli dəyərlərin qorunub inkişaf etdirilməsində oynadığı əvəzsiz rol xüsusi vurğulanıb. Qeyd edilib ki, bu irsin gənc nəslə aşılanması müasir dövrdə mühüm əhəmiyyət daşıyır.
Tədbir interaktiv müzakirələr şəraitində davam edib, gənclərin mövzu ilə bağlı fikir və sualları dinlənilib, hüquqi maarifləndirmə istiqamətində faydalı müzakirələr aparılıb.
Sonda layihə çərçivəsində təşkil olunan inşa müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin nəticələrinə əsasən birinci yerin qalibi Fidan İsmayılova, ikinci yerin qalibi Rübab Qarazadə və üçüncü yerin qalibi Aynişan Məmmədli seçilib. Qaliblərə diplom və hədiyyələr təqdim edilib, iştirakçılara isə sertifikatlar təqdim olunub.
Sonda xatirə şəkili çəkdirilib.
#AzGF #GenclerFondu













