Analitika

Heydər Əliyev Böyük Azərbaycanın şanlı tarixində

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

“Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.”

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə — 1960-cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.

“Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycana rəhbərliyə gəldikdən sonra Heydər Əliyev ölkəni inkişaf etdirməyə başladı. Müharibə dayandırıldı, vətəndaş qarşıdurmasına son qoyuldu, qeyri-qanuni silahlı dəstələr tərksilah olundu, qayda-qanun yaradıldı.”

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı.

“Azərbaycan rəhbərliyinin və şəxsən Prezident Heydər Əliyevin qətiyyəti, beynəlxalq neft şirkətlərinin inamı və dünya ictimaiyyətinin dəstəyi bizə imkan verdi ki, bütün bu çətinliklərə baxmayaraq, istədiyimizə nail ola bilək. Bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır. Azərbaycan xalqının milli maraqları qorunur və heç kim, heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməz”

Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.

“Tarixi İpək Yolunun bərpası ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindəndir”

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.

“1970-ci illərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və bilavasitə köməyi ilə “Azərbaycan Sovet Ensiklopediyası” hazırlanmış və nəşr edilmişdir. Həmin ensiklopedıyada Azərbaycanın tarixi, mədəni irsi haqqında, Azərbaycanın həyatı haqqında kifayət qədər geniş məlumatlar toplanmış və müəyyən ideoloji çərçivələr əsasında o ensiklopediya iŞ1q üzü görmüşdür. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. Amma buna baxmayaraq, o ensiklopediyada Azərbaycanın milli-mənəvi dəyərləri öz əksini tapmışdı.

Azərbaycanın müstəqilliyinin formalaşmasında, onun qorunub saxlanmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında, Azərbaycan dilinin qorunmasında ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və xidmətləri, təbii ki, xüsusi bir yer almalıdır”.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

“Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox böyük bəlalarla üzləşə bilərdi. Ölkə parçalanma ərəfəsində idi. Vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın itirilməsi, digər təhlükəli amillər ölkəni dağıdırdı. Azərbaycan böhran içində idi.”

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

“Heydər Əliyevin bütün həyatı, bütün fəaliyyəti bir amala qulluq edirdi. Azərbaycançilıq, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət, millətimizə xidmət etmək onun həyatının ən ümdə amalı idi”

Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir.

“1990-1993-cü illərdə, Naxçıvanın ən çətin dövründə Heydər Əliyev naxçıvanlılarla birlikdə olubdur. O, Naxçıvana gəldi və naxçıvanlılar onu qorudular. Bundan sonra Heydər Əliyev Naxçıvanın rəhbərliyinə gəldi və o, naxçıvanlıları qorudu.”

Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi.

“…ölkəmiz inkişaf edir. Heydər Əliyevin siyasəti yaşayır və həyata keçirilir. Çox sevindirici haldır ki, bütün görülən işlər xalq tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Mən bu dəstəyi hiss edirəm və bu dəstəyə arxalanıram, ümid edirəm ki, hər bir vətəndaş əlindən gələni edəcək ki, ölkəmiz daha da güclənsin, möhkəmlənsin.”

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin — Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində — milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.

“Azərbaycan son on il ərzində Heydər Əliyevin rəhbərliyi altında möhkəmlənmiş, inkişaf etmişdir. Bu gün ölkəmiz irəliyə çox inamla baxır. Bizim çox gözəl perspektivlərimiz vardır. Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan yaxın gələcəkdə iqtisadi cəhətdən çox qüdrətli dövlətə çevriləcəkdir. Bunu etmək, buna nail olmaq üçün, ilk növbədə, Heydər Əliyevin siyasəti davam etdirilməlidir.”

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

“Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanın iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad dövlət kimi təşəkkül tapmasında müstəsna rol oynamışdır”.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır.

“Ölkəmizin iqtisadi, siyasi potensialı çox güclüdür. Azərbaycanda həyata keçirilən böyük neft layihələri də Heydər Əliyevin neft strategiyası ilə bağlıdır. Məhz onun cəsarəti, uzaqgörənliyi və siyası iradəsi 1994-cil ildə bu strategiyanın təməlini qoymuşdur”.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.

“Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı”.

Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

“Heydər Əliyev 1969-cu ildən Azərbaycana rəhbərlik etmiş, hətta müxtəlif siyasi şəraitlər dövründə də, o, xalqımızın lideri olmuşdur. Bu dövrlərdə insanlara yenə də yaxşılıqlar etməkdə, xalqın maraqları naminə fəaliyyət göstərməkdə davam etmişdir. Kiçik fasilələrlə, o, 35 il Azərbaycana rəhbərlik etmişdir. Ona görə də Azərbaycan xalqı Heydər Əliyevə yalnız bir Prezident kimi deyil, Azərbaycanın müasir inkişafında güclü təsiri olan bir şəxsiyyət, bütün həyatını xalqın inkişafına sərf etmiş bir insan kimi münasibət bəsləyir.

Heydər Əliyev Azərbaycanın simvoludur, müstəqillik, ləyaqət və cəsarət simvolu!”

Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.

“Biz Heydər Əliyev siyasətini bütün sahələrdə davam etdirməliyik. Yalnız bu siyasət Azərbaycan xalqına xoşbəxtlik gətirəcəkdir.”

SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı ki, belə bir hal da, heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi.

“Ölkəmizin də siyasəti Avropa və Avratlantik strukturlarına inteqrasiyadan ibarətdir. Bu, bizim strateji seçimimizdır. Bu seçim 1993-cil ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra edilibdir və bu gün Azərbaycan dövləti və hökuməti bu siyasi xəttə sadiqdir, bu siyasəti davam etdirir”.

İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

“Xalqımızın ümummilli lideri Heydər Əliyev ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə öz xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir. 1970-ci illərdə Azərbaycanın müasir infrastrukturunun yaranmasında və güclənməsində çox böyük addımlar atılmışdır. Demək olar ki, Azərbaycanın sənaye potensialı məhz bu illərdə formalaşmışdır.”

O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1985-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir.

“Heydər Əliyev Azərbaycanın tarixində müstəsna xidmətlərə malik olan şəxsiyyətdir, dahi şəxsiyyətdir və Azərbaycanı böyük bəlalardan xilas edən şəxsiyyətdir”.

İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

“Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir.

Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi birləşdi və Heydər Əliyevin ideyalarına, onun siyasətinə, onun dünya baxışlarına, onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi. Bu, çox vacib məsələdir. Heydər Əliyev bu gün bizimlə deyil, amma onun siyasəti yaşayır, onun fəlsəfəsi yaşayır, onun yaratdığı müasir, müstəqil Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır.”

Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir.

“bütün hallarda Heydər Əliyev öz səsini, öz sözünü həmişə deyirdi. 1990-cı ilin qanlı Yanvar hadisələrindən sonra, xalqımız üçün o çətin, ağır dövrdə öz haqq səsini ucaltdı, Sovet İttifaqı Kommunist Partiyasının və onun rəhbərliyinin apardığı siyasəti qətiyyətlə pislədi. O, xalqla birlikdə idi.”

70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu – 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

“O, bütün xarici səfərləri zamanı harada ki, azərbaycanlılar yaşayır, mütləq onlarla görüşürdü, onların problemləri ilə maraqlanırdı, bunları həll etməyə çalışırdı. Bu ənənə Azərbaycanda indi də yaşayır. Bütün başqa sahələrdə olduğu kimi Heydər Əliyev siyasəti bu sahədə də davam və inkişaf edir”.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı.

“Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır. Bu siyasətə alternativ yoxdur. Azərbaycan xalqı 2003-cü ildə keçirilmiş prezident seçkilərində bu siyasətə bir daha səs vermişdir.”

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

“Ümummilli liderimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin etmək, doğma Azərbaycanı inkişaf etdirmək üçün bütün dövrlərdə böyük səylər göstərmişdir”.

Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

“Heydər Əliyev gənclərlə daim ünsiyyətdə idi, tədbirlərdə daim iştirak edir, öz dərin tövsiyələrini verir, inkişaf istiqamətlərini müəyyən edirdi. Bu gün Azərbaycanda çox güclü gəncliyin yaranması, əlbəttə, o illərdə görülmüş işlərin nəticəsidir”.

Heydər Əliyevin başçılığı ilə 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.

“Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var”

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

“Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik”

Bu, həmin dövr idi ki, hətta Moskvada, Sankt-Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir.

“Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında da böyük rolu olmuşdur. O, Türkiyəni ürəkdən sevirdi. Hər zaman Türkiyəyə gələndə özünü çox rahat, çox xoşbəxt hiss edirdi və Türkiyə-Azərbaycan əlaqələrinin yüksək zirvəyə qalxmasında Heydər Əliyevin danılmaz rolu vardır.”

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

– Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi, 630 min yeni iş yeri açıldı;

– Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 – 2,6 dəfə artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu:

Taxıl istehsalı 573,9 min tondan 1 milyon 211,3 min tona, Üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min tona, Pambıq istehsalı 299,4 min tondan 831,2 min tona , Meyvə-tərəvəz istehsalı 410 min tondan 850 min tona yüksəldi.

– Neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı;

– Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan da 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilirdi;

– 1056 adda mühüm sənaye məhsulu buraxıldı;

– Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə – cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırıldı;

– 1971-ci il martın 28-də Azərbaycanın neft hasilatı tarixində 1 milyardıncı ton “qara qızıl” çıxarıldı;

İstifadəyə verilmiş mühüm infrastruktur obyektləri:

– 1970-ci il 27 sentyabr. Kür su kəmərinin nasos cihazı işə salındı. Kür su kəmərləri sisteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verildi. 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsi tikildi. Üçüncü mərhələdə – 1984, 1986 və 1988-ci illərdə Bakıya daha 3 magistral su kəməri çəkildi.

– 1971-ci il 19 yanvar. Gəncə şəhərində çini qablar zavodu açıldı;

– 1971-ci il 27 iyul. Ağstafaçay su anbarı istifadəyə verildi;

– 1975-ci il 25 dekabr. Bakı məişət kondisionerləri zavodunun açılışı oldu;

– 1976-cı il 28 dekabr. Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırıldı;

– 1976-cı il 29 dekabr. Sərsəng su anbarı istifadəyə verildi;

– 1978-1984-cu illər. Bakı Dərin Özüllər Zavodu istifadəyə verildi;

– 1969-1982-ci illərdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkilmişdi (1969-cu ilədək çəkilən yolların uzunluğu isə cəmi 12,7 min kilometr idi);

– İndiki Heydər Əliyev Sarayı (1972) və “Gülüstan” sarayı (1980) istifadəyə verildi, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salındı.

Beləliklə, 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı.

Ulu Öndər xalqın yaradıcılıq enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirdi.

Məhz bunun sayəsində:

– milli ruh canlanır;

– özünüdərk və soy-kökə qayıdışı təmin edilir;

– müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşları qoyulur;

– azadlıq və müstəqillik duyğuları milli düşüncədə üstünlük təşkil etməyə başlayır.

Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.

– Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Bu illərdə Ümummilli Liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətindә gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin etdi:  

– Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin – Nizami Gəncəvinin 840 illiyi (1981), Əcəmi Naxçıvaninin 850 illiyi (1976), İmadəddin Nəsiminin 600 illiyi (1973), Nəsirəddin Tusinin 780 illiyi (1981), eləcə də digər klassiklərimizin yubileyləri geniş miqyasda keçirildi, Aşıq Ələsgərin 150 illik yubileyi (1972), Azərbaycan teatrının 100 illiyi (1974) geniş qeyd olundu. 1979-cu ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi böyük ədəbi-mədəni hadisəyə çevrildi;

– 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirildi;

– Bakıda Nəriman Nərimanovun (1972), Mehdi Hüseynzadənin (1973), İmadəddin Nəsiminin (1980) və Cəfər Cabbarlının (1982) əzəmətli abidələri ucaldıldı;

– Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi, Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstü, Şuşa şəhərində Xurşidbanu Natəvanın büstü və Molla Pənah Vaqifin məqbərəsi ucaldıldı;

– Görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən Səməd Vurğunun, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Mirzə İbrahimovun, Hüseyn Ərəblinskinin, Mirzə Fətəli Axundzadənin, Fikrət Əmirovun və digər görkəmli şəxsiyyətlərin yubileyləri keçirildi;

– Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş tarixi filmlər (“Nəsimi”, 1974; “Dədə Qorqud”, 1976; “Babək”, 1979), müasir mövzularda və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkildi. “İstintaq” (1979) filmi SSRİ Dövlət mükafatına (1981), bir çox digər filmlər isə respublika Dövlət mükafatına layiq görüldü.

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı.

1983-cü il sentyabrın 5-də Şərq xalçaları sənətinə dair beynəlxalq simpozium çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan xalçaları sərgisini ziyarət etdi.

 1984-cü il fevralın 23-də Dərin Özüllər Zavoduna baş çəkdi. Həmin ildən etibarən, zavod ildə 60 min ton metal konstruksiyaları istehsal etməklə layihə gücü ilə işləməyə başladı.

1985-ci il fevralın 20-23-də SSRİ Ali Sovetinə deputatlığa namizəd kimi Bakıda bir sıra görüşlər keçirdi. Bu görüşlərdəki çıxışları Azərbaycan rəhbərliyi üçün mühüm proqram sənədi kimi qəbul olunurdu.

Heydər Əliyevin 1985-ci il sentyabrın 3-də imzaladığı Sərəncamla Bakıda Azərbaycan SSR Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutu yaradıldı.

Heydər Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin Azərbaycanla bağlı məkrli planlarının həyata keçməsinə mane olurdu. Belə ki, 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna müraciət edərək, qondarma “erməni soyqırımı”nın tanınmasını, yəni, 24 aprelin “anım günü” elan olunmasını təklif etmişdi. Siyasi Büronun iclasını aparan Qorbaçov bu təkliflə razılaşsa da, Heydər Əliyevin sərt və prinsipial mövqeyi ilə qarşılaşdı.

1986-cı il noyabrın 18-də Səməd Vurğunun Moskvada keçirilən 80 illik yubiley mərasimində Heydər Əliyev, Azərbaycandan gəlmiş yüksək səviyyəli nümayəndə heyəti, SSRİ rəhbərliyinin vəzifəli şəxsləri iştirak etdilər.

Moskvada yaşayan azərbaycanlılarla, eləcə də vaxtilə şəxsən özünün buraya ali məktəblərdə təhsil almağa göndərdiyi azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həllinə kömək edirdi.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutması Qorbaçov-erməni qruplaşmasına əsla sərf etmirdi və onların hədəfi Azərbaycanın böyük oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi. Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi.

SSRİ rəhbərliyinin imperiya siyasətinə və ermənipərəst mövqeyinə etiraz əlaməti olaraq, Azərbaycan xalqı azadlıq hərəkatına qalxdı. Xalqımızın müstəqillik əzmini qırmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi və qanlı qırğın törədildi. Azərbaycan xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi.

1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Həmin dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası üçün də ciddi təhlükələr yaranmışdı. Məhz belə bir ağır zamanda Heydər Əliyev xalqının yanında olmaq üçün Bakıya gəlsə də, ovaxtkı hakimiyyətin təzyiqi nəticəsində doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Azərbaycanın müstəqilliyə gedən yolda ilk addımları məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atıldı.

– 1990-cı il 21 yanvar. Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi;

– 1990-cı il 20 iyul. Moskvadan Bakıya qayıtdı;

– 1990-cı il 30 sentyabr. Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə Naxçıvandan deputat seçildi;

1990-cı il 17 noyabr. Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul edildi. Bu qərarlarla muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi.

1990-cı il 21 noyabr. Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi.

1991-ci il 30 avqust. Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycanın müstəqillik Bəyannaməsi” ilə bağlı çıxış etdi.

1991-ci il 19 oktyabr. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına teleqram göndərərək dövlət müstəqilliyinin elan edilməsini böyük milli sərvət kimi dəyərləndirdi, bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi.

1991-ci il 16 dekabr. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında tarixi qərarını imzaladı.

1992-ci il 18 avqust. Rusiyanın Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyasının əmlakının tamamilə Milli Ordunun briqadasına verilməsi haqqında aktın imzalanması mərasimində iştirak etdi.

1992-ci il 21 noyabr. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi;

Blokada şəraitində olan Naxçıvanın iqtisadi problemlərinin həllinə böyük diqqət yetirilmiş, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı, Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid körpüsü” inşa edildi və digər mühüm tədbirlər həyata keçirildi.

Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi Ali Sovetin sessiyalarında fəal iştirak edən Heydər Əliyev elə birinci sessiyadakı (1991, fevral) çıxışında Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etdi.

SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinə qarşı çıxan Heydər Əliyev bu barədə qətiyyətli mövqeyini bildirdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda referendum boykot edildi, rus sovet qoşun hissələri buradan çıxarıldı, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi, Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv olundu.

Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyev Naxçıvanı erməni işğalından qorudu və muxtar respublikanın iqtisadi-sosial blokadadan çıxarılması üçün ilk addımları atdı.

Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəl respublikada vəziyyət:

Həm A.Mütəllibov iqtidarı, həm də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yürüdülən yanlış siyasət nəticəsində iqtisadi tənəzzülün dərinləşməsi, inflyasiyanın görünməmiş həddə çatması, xalqın yaşayış səviyyəsinin son dərəcə pisləşməsi, ictimai-siyasi böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsiylə üz-üzə qalması ilə xarakterizə olunurdu;

Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda nizami ordu yaradılmamışdı, vahid komandanlıq yox idi, silahlı dəstələr müəyyən qüvvələrin ambisiyalarına xidmət edirdilər;

Sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan görülən tədbirlər inflyasiya prosesinin daha da sürətlənərək hiperinflyasiyaya çevrilməsinə  gətirib çıxardı. Nəticədə istehlak mallarının qiyməti dəfələrlə artdı, ÜDM, sənaye istehsalı, xarici ticarət dövriyyəsi azaldı, büdcə kəsiri artdı.

Neft məhsulları və avadanlıqlarının istehsalı sahəsində böhranlı vəziyyət yarandı, bu sahə üzrə ixtisaslaşmış zavodlar hakimiyyətdə yüksək vəzifələr tutmuş şəxslərin dəyəri milyon dollarla ölçülən korrupsiya və mənimsəmə obyektinə çevrildi. Əgər 1990-cı ildə respublikada 12 milyon 513 min ton neft hasil olunmuşdusa, 1992-1993-cü illərdə bu göstərici 9 milyon 563 min tona düşdü, neft hasilatı 21,2, mavi qaz hasilatı isə 36 faiz azaldı;

Mərkəzi Bankın faiz dərəcələri 250 faizə çatdı, 1992-ci ildə tədavülə buraxılmış milli valyuta – manat tezliklə qiymətdən düşməyə başladı, Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü.

Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin vaxtdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.

1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyevin Gəncəyə baş tutan səfəri tədricən ölkədə yaradılmış daxili sabitliyin təməlinə çevrildi. Heydər Əliyev AXC-Müsavat hakimiyyətinin qəsdi nəticəsində bombalanmış Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri və hərbçilərlə görüşdü, vəziyyətdən çıxış yolunu müzakirə etdi;

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı;

1993-cü il iyunun 18-də prezident Əbülfəz Elçibəyin gecəyarısı Bakını tərk edib Kələki kəndinə qaçması ilə bağlı yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi;

1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı;

1993-cü il sentyabrın 24-də Moskvada MDB ölkələrinin hökumət başçılarının Şura iclasında iştirak etdi və Azərbaycanın MDB-yə daxil olması haqqında sənədləri imzaladı;

1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə xaos və anarxiyaya son qoyulmasına, ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində gərgin fəaliyyətə başladı;

Prezident seçildikdən sonrakı ilk ayda respublikada pul-kredit siyasəti və bankların fəaliyyəti (14 oktyabr), kriminogen vəziyyət (15 oktyabr və 3 noyabr), hərbi quruculuq məsələləri (21 oktyabr) ilə bağlı müşavirələr, ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş (22 oktyabr), cəbhə bölgələrində vəziyyətlə bağlı fövqəladə müşavirə (24 oktyabr), cəbhəyanı bölgələrdəki vəziyyətlə əlaqədar iclas (31 oktyabr), Müdafiə Şurasının ilk iclasını (1 noyabr) keçirdi;

1994-cü il fevralın 24-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı;

Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul etdi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi;

1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Beləliklə, müstəqilliyimizin ilk illərində çoxsaylı problemlərin həlli və ölkənin inkişaf mərhələsinə qədəm qoyması üçün zəruri şərait təmin edildi, ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu.

1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi kimi tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərildi. Oktyabrın 4-də Heydər Əliyev xalqa müraciət etdi. Ulu Öndərin müraciətinə cavab olaraq gecəyarısı yüz mindən çox insan Prezident Sarayının qarşısına toplaşdı. Oktyabrın 5-də isə Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi ümumrespublika mitinqi keçirildi. Heydər Əliyevin qətiyyəti sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı.

1995-ci ilin martında daxili işlər nazirinin müavini Rövşən Cavadov tərəfindən dövlət çevrilişinə növbəti cəhd göstərildi. Ulu Öndər dövlətçiliyimiz əleyhinə yönəlmiş bu təhlükənin də qarşısını xalqın dəstəyi ilə ala bildi.

Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu.

Azərbaycan mədəniyyəti 1993–2003-cü illərdə öz böyük hamisi Heydər Əliyevin qayğı və diqqəti sayəsində daha möhtəşəm bir dövrünü yaşayırdı.

Ulu Öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrinin, habelə milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı çox sayda tədbirlər keçirildi.

Ulu Öndər 1994-cü il mayın 27-də Respublika sarayında İstiqlal Günü münasibətilə keçirilən təntənəli yığıncaqda Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında ədəbiyyatın və onun klassik nümayəndələrinin yaradıcılığının rolunu minnətdarlıq hissi ilə xatırlamışdı.

1994-cü ilin avqustunda mütəfəkkir şair Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar yaradılmış dövlət komissiyasının iclasında Heydər Əliyev respublikanın müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, həyatımızın mədəni-mənəvi sahəsinin heç vaxt unudulmamalı olduğunu xüsusi vurğulamışdı.

Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi Fransada, Türkiyədə, İraqda, İranda və Rusiyada, dünyaşöhrətli Bülbülün 100 illik yubileyi Moskvada, Tbilisidə və Ankarada, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubileyi Moskvada və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyi Moskvada keçirildi və müstəqil Azərbaycanı yenidən dünyaya tanıtdı.

Azərbaycanda 1994-cü ildən 1996-cı ilədək, tam üç il Füzuli ili yaşanmış, Məhəmməd Füzulinin 1996-cı ilin yazında Bakıda keçirilən yubiley şənlikləri məhz Heydər Əliyevin arzuladığı kimi müstəqil dövlətin ilk böyük ədəbiyyat və mədəniyyət bayramına çevrildi. UNESCO-nun qərarı ilə 1996-cı il dünya miqyasında Füzuli İli elan olundu.

Heydər Əliyev 1997-ci ilin aprelində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzaladı. Dastanın 1300 illiyi Parisdə – UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd olundu. 2000-ci il aprelin 9-da isə “Kitabi-Dədə Qorqud” dastanının yubiley tədbiri Bakıda keçirildi.

1996-cı il fevralın 1-də Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Gənclərinin I Forumunda iştirak etdi. Bu hadisə Azərbaycanda gənclik hərəkatının əsasını qoydu, gənclərimizin inkişafı, cəmiyyət həyatında fəallığının yüksəldilməsi istiqamətində mühüm addım oldu.

Heydər Əliyevin 1996-cı il 22 iyun tarixli Fərmanına əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ı təsis olundu və adları “Qızıl kitab”a Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yazılan gənc istedadlara xüsusi təqaüd ayrıldı. 

Heydər Əliyevin 1997-ci il 10 noyabr tarixli Fərmanı ilə Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan qocaman ədəbiyyat və incəsənət xadimləri üçün ömürlük fərdi təqaüd təyin olundu. 

Heydər Əliyevin Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri milli-mədəni inkişafda və mənəvi birliyin möhkəmlənməsində böyük rol oynadı.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin qiymətləndirilməsi məsələsinə xüsusi diqqət yetirirdi, o cümlədən 2003-cü ilin fevralında Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında Sərəncam imzaladı.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

1997-ci ilin yanvarında Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək Azərbaycanda elmi inkişaf strategiyasının əsas müddəalarını qəti müəyyənləşdirdi. Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu, 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verildi.

Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni – bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir.

Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın geosiyasi və mədəni potensialından səmərəli istifadə edilməklə ölkənin gələcək dinamik inkişafı üçün əlverişli imkanlar açıldı, məhz Ulu Öndərin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycanın aparıcı rolu təmin olundu.

Məhz Heydər Əliyevin çox gərgin və genişmiqyaslı fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı;

Heydər Əliyevin dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıların birlik və həmrəyliyinin yaradılması işində müstəsna xidmətləri vardır. Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edildi. Qurultayın açılış mərasimində çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətin bu sahədə siyasətinin prioritet istiqamətini nəzərə çatdırmışdı: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edildi.

– 1993-cü il dekabrın 20-də Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşuldu;

– BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 1993-cü il aprelin 30-da 822, 1993-cü il iyulun 29-da 853, 1993-cü il oktyabrın 14-də 874, 1993-cü il noyabrın 12-də 884 saylı qətnamələr qəbul etdi;

– Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə əlaqədar BMT Baş Assambleyası 1993-cü ildəki plenar iclasında müvafiq qətnamə qəbul etdi. Qətnamədə Azərbaycandakı qaçqın və məcburi köçkünlərə beynəlxalq yardım göstərilməsi nəzərdə tutulurdu;

– BMT Baş Assambleyasının 1994-cü ilin sentyabrında keçirilən 49-cu sessiyasında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib;

– Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il dekabrın 11-14-də İslam Konfransı Təşkilatının (İKT) VII Zirvə toplantısında iştirak etdi. 52 ölkənin dövlət başçısının iştirak etdiyi Sammitin yekun qətnaməsində Ermənistanın Azərbaycana təcavüzü məsələsi də əksini tapdı;

– 1996-cı il dekabrın 2-4-də ATƏT-in Lissabon Sammitində Azərbaycan Respublikasının ərazi bütövlüyü Ermənistan istisna ‎‎olmaqla bütün dövlətlər tərəfindən qətiyyətlə dəstəkləndi. Ermənistanın ‎ciddi ‎maneələrinə baxmayaraq, Heydər Əliyevin prinsipial mövqeyi və gərgin səyi ‎‎nəticəsində ATƏT-in sədrinin bəyanatı qəbul olundu;

– 1997-ci ildə Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşuldu;

– 2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında iştirak edən Heydər Əliyev 150-dən çox dövlətin rəhbərlərinin qatıldığı tədbirdə nitq söylədi;

– 2001-ci ilin yanvarında Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Bununla da Azərbaycan diplomatiyası ölkə həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mötəbər platforma əldə etdi.  

Azərbaycanın ikitərəfli səviyyədə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilk rəsmi səfərini Fransaya (19-21 dekabr 1993-cü il) etdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni mərhələ başlandı.

Sentyabrın 24- isə Azərbaycan MDB-yə daxil oldu.

Ulu Öndər Heydər Əliyev Səudiyyə Ərəbistanına (1994), Pakistana (1994), Gürcüstana (1996), Almaniyaya (1996), Böyük Britaniyaya (1998) və digər ölkələrə səfərlər etdi.

1993-2000-ci illər arasında Prezident Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirib. 1993-cü ildən 2001-ci ilədək Ümummilli Lider Heydər Əliyevin 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüşü olub. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Heydər Əliyev bu məsələni ABŞ-ın Prezidenti, Dövlət katibi ilə 18, Fransa rəhbərləri ilə 16, Rusiya rəhbərliyi ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə edib. Ulu Öndərin BMT-nin baş katibləri ilə 10-dan artıq görüşü olub. NATO-nun, MDB-nin Zirvə görüşlərində, İslam Konfransı Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd Zirvə görüşündə, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşlərində Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarıb. 

Ulu Öndər Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoydu.

İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artdı və 2002-ci ildə 6,1 milyard manata çatdı.

“Əsrin müqaviləsi”nin praktiki cəhətdən reallaşması, sənayenin bir çox sahələrinə sərmayələrin yönəldilməsi, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi sənayedə dirçəlişin təməli qoyuldu. Nəticədə sənayedə yaranmış əlavə dəyərin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi.

1993-cü ildən başlayaraq kənd təsərrüfatı sahəsi yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu siyasət MDB məkanında ilk dəfə olaraq, torpaq üzərində xüsusi mülkiyyət münasibətlərinin formalaşması ilə başlanıldı, aqrar sahənin inkişafı yönündə ciddi islahatlar həyata keçirildi.

1993-2002-ci illərdə istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 70-dən çox yeni obyekt inşa edildi. 1993-2002-ci illərdə bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına 8,2 milyard manat investisiya yönəldildi. 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə artdı. 1993-2002-ci illərdə xarici investorlar tərəfindən əsas kapitala ümumi investisiyanın 63,8 faizi qədər sərmayə yönəldildi.

Həmin dövrdə 74,1 min yeni mənzil, 31,1 min şagird yerlik 82 yeni ümumtəhsil məktəbi, 2,2 min yerlik məktəbəqədər təhsil müəssisələri, 1,5 min çarpayılıq xəstəxana və növbədə 3 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verildi.

1996-2002-ci illərdə nəqliyyat sektorunda yük daşınması 2,4 dəfə artdı. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bərpası Ulu Öndərin Azərbaycan xalqına ən böyük töhfələrindəndir.

Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparıldı. 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3 milyard 832,9 milyon ABŞ dollarına çatdı və 1993-cü illə müqayisədə 2,8 dəfə artdı.

1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə – 330 faizdən 1887 faizə qədər artması müşayiət olunduğu halda, aparılmış düzgün iqtisadi siyasət nəticəsində inflyasiyanın sabitləşməsi təmin edildi.

Əgər 1996-cı ildə ölkədə 602 xarici investisiyalı müəssisə fəaliyyət göstərirdisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104-ə çatdı. Bu dövrdə xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı 94,1 faiz artdı.

1997-ci ilin sentyabrında “Əsrin müqaviləsi” çərçivəsində qazma işlərinin başlandığı “Çıraq” yatağında noyabrın 7-də ilk neftin hasil olundu. Noyabrın 12-də bu münasibətlə platformada Ulu Öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkətinin və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirildi. Bu tarixi hadisə Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı oldu. 2005-ci ilin fevralında “Mərkəzi Azəri” yatağından, 2006-cı ilin yanvarında “Qərbi Azəri” yatağından, 2006-cı ilin oktyabrında isə “Şərqi Azəri” yatağından neftin hasilatına başlanıldı.

2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata yüksəldi, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil etdi.

Ulu Öndər Heydər Əliyev əmək bazarının inkişafına, məşğulluq və işsizlik problemlərinin həllinə göstərdiyi diqqət sayəsində iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payı 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artdı.

Azərbaycanda bu dövrdə qəbul edilmiş Əmək Məcəlləsi, Məşğulluq və Əmək Miqrasiyası haqqında qanunlar, Demoqrafik İnkişaf və Pensiya İslahatı konsepsiyaları, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” əmək və əhalinin sosial müdafiəsi sahələrində yeni strateji istiqamətlərin əsasını qoydu.

Ulu Öndər tərəfindən 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra ölkədə təhsil islahatlarına başlanıldı. 1993-cü ildə 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 703 nəfərinin ali və tam orta təhsili olduğu halda, 2002-ci ildə bu göstərici 753-ə çatdı.

1997-ci ildə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun qəbul edildi.

Dövlət siyasətinin əsas prioritetlərindən olan mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanması sahəsində də Dövlət proqramları qəbul edildi.

Düzgün düşünülmüş iqtisadi islahatlarla yanaşı, milli sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi proseslərinə başlanıldı. 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalandı.

1995-2003-cü illərdə respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı.

2001-ci ilin iyulundan Azərbaycanda Pensiya İslahatı Konsepsiyasının icrasına başlanıldı, beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya modelinin, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulması təmin edildi.

Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatına başlanıldı.

Ulu Öndərin tapşırığı ilə əlilliyi olan şəxslərin müxtəlif reabilitasiya vasitələri ilə təminatı, bərpa-müalicə və protez xidmətinin təkmilləşdirilməsi, reabilitasiya sisteminin bölgələr üzrə genişləndirilməsi, aktiv məşğulluq tədbirləri geniş miqyas aldı.

Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.

İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi.

Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır.

Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Mürsəl Mürsəlov,
Azərbaycan Republikası Səhiyyə Nazirliyi
Sanator-Kurort Reabilitasiya Mərkəzinin
Baş direktoru.

Oxşar Xəbərlər

Back to top button