Həyata keçirilən layihələrin hər biri xalqımızın layiqli gələcəyi üçündür
İşğal zamanı ermənilərin dağıtdığı, taladığı, viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur azad ediləndən sonra burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, iri infrastruktur layihələr icra olunur, insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 2 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elekttik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Elə bu məqsədlə də Prezident İlham Əliyev noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Cənab Prezidentin bildirdiyi kimi, “Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey – şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur”. Bu məkanların infrastrukturu yenidən qurulur, müasirləşir, yeni yollar çəkilir ki, bütün bunlar Qarabağın tezliklə turistləri seçdiyi ən gözəl məkanlardan olacağına əminlik yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət ölkəmizi regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı