Analitika

Hər bir azərbaycanlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyasına sadiqdir

“Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyən Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub”.

Bunu “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir: “Cəmiyyətin milli birliyinin təmin edilməsi məqsədilə ona milli-mənəvi dəyərlərə əsaslanan, dünyanın sivil dövlətlərinin inkişafına səbəb olmuş ümumbəşəri fəlsəfi baxışlara söykənən ideologiyanın əsaslarının və strateji inkişaf prinsiplərinin təqdim olunması Ümummilli Liderimizin xalqı qarşısında ən böyük xidmətlərindən olub. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ideya birliyinin yaradılması və bu ideologiyanın əsaslarının hazırlanması prosesi 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişindən başlayaraq həyata keçirilib. İlk vaxtlar respublikanın daxilində mövcud olan problemlər, siyasi xaos, iqtisadi tənəzzül, müharibənin davam etməsi və s. ciddi nailiyyətlər qazanmağa imkan verməsə də, aparılmış ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq, 90-cı illərin sonlarında bu sahədə əsaslı dönüş yaratmaq mümkün olub. Məhz bu dövrdən etibarən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başlayıblar”.

“Böyük öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti, ilk növbədə, onun milli maraqlarımızın bütün zəruri istiqamətlərini özündə ehtiva edən tarixi bir konsepsiya olması faktıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi fikri, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bütün soydaşlarımızın Vətəni elan edilməsi Azərbaycançılıq ideologiyasının ən vacib cəhətləridir: “Sirr deyil ki, bu gün hər bir azərbaycanlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyasına sadiqdir, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.

Oxşar Xəbərlər

Back to top button