Analitika

“Həmrəylik Halqası” layihəsi Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığın yeni səhifəsini açır

“Azərbaycan və Bolqarıstan arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən – Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. “Həmrəylik Halqası” təşəbbüsü, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir. Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir.

“Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək”. – deyən Rəşadət Xalıqov əlavə edib ki,  enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə eneri siyasətində yeni səhifə açılıb və yeni enerji layihələrinin dost və müttəfiq dövlətlərlə birlikdə icrası bizi qlobal dünyaya daha çox inteqrasiya edir və gələcəkdə daha perspektivli layihələrin planlaşdırılması üçün zəmin yaradır.

Oxşar Xəbərlər

Back to top button