Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuşdur. Ulu öndərimiz Azərbaycan xalqının bütün dünyada yaşayan nümayəndələrinin birliyini, milli kimliyini qorumağı və müstəqilliyini dəstəkləməyini vacib sayırdı. Onun rəhbərliyi altında Azərbaycan öz həmrəyliyini və milli birliyini artırmaqla yanaşı, xalqın tarixi, mədəni və mənəvi dəyərlərinin qorunmasına və inkişafına önəm vermişdir. Prezident İlham Əliyev Ulu öndərimizin əsərlərinə sadiq qalaraq, həmrəylik və birlik məsələlərini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirmişdir. Dövlət başçımız həmrəylik günü çərçivəsində müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirir, onların problemlərinə həll yolları tapmağa çalışır. Bu həmrəylik, yalnız Azərbaycanın ərazisində deyil, dünya səviyyəsində də daha da möhkəmlənir. Azərbaycanın güclü dövlət siyasəti, ölkənin beynəlxalq aləmdəki mövqeyini möhkəmlətməklə yanaşı, həm də diasporada yaşayan soydaşlarımızla əlaqələrin artırılmasına xidmət edir.
Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini teşkil edir. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Sevindiricidir ki, həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycana olan məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyon azərbaycanlının bayramıdır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir: “Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər”.
Həsənova Səbinə,
YAP-ın fəalı