AnalitikaGündəm

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycanın diaspor təşkilatları daha mütəşəkkil şəkildə fəaliyyət göstərir, qarşıya qoyulan vəzifələrin həlli istiqamətində uğurlarını daha da artırırlar. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub.

Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar. 44 günlük Vətən müharibəsi zamanı cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

Nübar Əliyeva,
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin kitabxana müdiri

Oxşar Xəbərlər

Back to top button