Hələ sovet dövründə Azərbaycan dilinin öz varlığını qoruması Ümummilli Liderin adı ilə bağlıdır
Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb. Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də doğma dilimizin inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Qətiyyətlə deyə bilərik ki, bu gün ana dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban Əliyevadır. Müasir dövrün çağrışlarına cavab olaraq dilimizin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər həyaat keçirilir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç nəyi ola bilməz. Ana dilimizi sevək, öyrənək və gələcək nəsillərə ləyaqətlə çatdıraq.
Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi etmisdir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Tarixi keçmişimizi özündə yaşadan qədim və zəngin mədəniyyətə sahib ana dilimizi qoruyaq, yaşadaq və inkişaf etdirək! Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident tərəfindən daha da gücləndirilən dövlət dil siyasətinin ən bariz nümunəsidir.
Fikrət Orucov,
YAP-ın gənc fəalı