
Azərbaycanın milli iradəsi və xalqının birliyi sayəsində işğala qarşı müqavimət heç vaxt zəifləməmişdir. Otuz ilə yaxın davam edən bu ədalətsiz vəziyyətlə Azərbaycan dövləti barışmayaraq beynəlxalq platformalarda haqq səsini daim ucaltdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir qayə ətrafında birləşdi: ərazi bütövlüyünün bərpası. Azərbaycan xalqı bu yolun bəzən diplomatik, bəzən də hərbi güclə keçə biləcəyini yaxşı anlayırdı.
Azərbaycan dəfələrlə Ermənistana və onu açıq və gizli şəkildə dəstəkləyən dövlətlərə xəbərdarlıq etmişdi: işğal olunmuş ərazilərdən sülh yolu ilə çıxmaq yeganə çıxış yoludur. Rəsmi Bakı bu xəbərdarlıqları açıq bəyanatlarla, beynəlxalq tribunalarda səsləndirdiyi çıxışlarla və real addımlarla dəfələrlə gündəmə gətirmişdi. Lakin qarşı tərəf bu çağırışlara qulaq asmadı, əksinə, işğal siyasətini davam etdirməyə cəhd göstərdi.
2020-ci ildə Azərbaycanın başladığı əks-hücum əməliyyatı, öz ərazisində həyata keçirdiyi legitim hərbi tədbirlər nəticəsində böyük zəfərlə nəticələndi. Ermənistan, ona arxa duran güclərlə birlikdə, Azərbaycan xalqının əzmini, ordusunun gücünü və dövlətin siyasi iradəsini düzgün qiymətləndirmədi. Bu isə onların ciddi və ağrılı nəticələrlə üzləşməsi ilə sonlandı. Tarix bir daha sübut etdi ki, haqq gec də olsa, yerini tapır.
Bu gün Azərbaycanın azad olunmuş torpaqlarında üçrəngli bayraq dalğalanır, həyat yenidən canlanır. Keçmişdə işğal altında olan ərazilər indi sülh, inkişaf və bərpa nümunəsinə çevrilir. Bu nailiyyətlər göstərir ki, əgər bir xalq öz torpağı, milli kimliyi və gələcəyi üçün bir yumruq kimi birləşirsə, qarşısında heç bir güc dayana bilməz.
YAP Xəzər rayon təşkilatının fəalı
Turan Zeynalzadə