AnalitikaGündəmSiyasət

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfərinin xüsusi əhəmiyyəti var

Azərbaycan Cənubi Qafqaz regionunda lider statusa malik olan, beynəlxalq aləmdə nüfuzunu hər keçən gün artıran bir ölkə mövqeyinə yüksəlmişdir. Yerləşdiyi ərazinin strateji mövqeyi ölkənin zəngin təbii resursları, güclü iqtisadiyyatı və uğurlu xarici siyasət kursu ilə sıx bağlıdır. Ölkəmiz enerji sektorunda qlobal layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın dinamik şəkildə inkişaf edən iqtisadiyyatı, humanitar sahədə təşkil etdiyi beynəlxalq tədbirlər və dünya birliyində artan rolu ölkənin qlobal səviyyədə mövqelərinin möhkəmlənməsinə şərait yaradır. Həmçinin müasir beynəlxalq münasibətlər sistemində balanslı və sülhpərvər siyasət yeridərək, regionda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Azərbaycanın iştirakı ilə keçirilən beynəlxalq tədbirlər və təşəbbüslər, xüsusilə də iqtisadi və enerji sahəsində olan əməkdaşlıq platformaları, ölkənin qlobal miqyasda güclənən nüfuzunun bariz nümunəsidir.

Son illər Cənubi Qafqazın iki qonşu dövləti, Azərbaycan və Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Hər iki ölkə arasında tarixi, mədəni və iqtisadi bağlar mövcuddur ki, bu da onların əməkdaşlığını daha da dərinləşdirir. Enerji və nəqliyyat sektorlarında birgə həyata keçirilən layihələr bu əlaqələrin təməlini təşkil edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bu əməkdaşlığın ən bariz nümunələridir. Bu layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də regionun iqtisadi inkişafı və qlobal inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan-Gürcüstan münasibətləri humanitar və mədəni sahələrdə də inkişaf edir. Hər iki ölkə arasında qarşılıqlı səfərlər, ortaq mədəni layihələr və təhsil sahəsində əməkdaşlıq xalqlar arasında dostluq münasibətlərini daha da gücləndirir. Gürcüstanda yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcü icması da iki ölkə arasında mədəni körpü rolunu oynayır. Azərbaycan-Gürcüstan əlaqələri strateji əməkdaşlıq formatında davam edərək regionda sabitlik, tərəqqi və təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayır.

Ötən il oktyabrın 26-dakı parlament seçkisindən sonra Gürcüstan baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini niyə məhz Azərbaycana etməsi ciddi maraq doğurub. Əslində isə bu məqama baş nazir elə öz açıqlamasında aydınlıq gətirib: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də örnəksiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfərinin xüsusi əhəmiyyəti var. Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisidir. Baş nazir İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək.  Eyni zamanda, bu səfər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bildiyiniz kimi, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ” Azərbaycan və Gürcüstan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür”.

Baş nazirin səfəri, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün vacib bir fürsətdir. Gürcüstan, Cənubi Qafqaz regionunda mühüm bir strateji rola malikdir və bu səbəbdən regional sabitliyin qorunması istiqamətindəki təşəbbüsləri dəstəkləyir. Səfər zamanı regional təhlükəsizlik məsələlərinin, xüsusən də Gürcüstanın işğal altında olan ərazilərinin vəziyyətinin müzakirə olunması ehtimalı yüksəkdir.

İrakli Kobaxidzenin səfəri, Gürcüstanın beynəlxalq aləmdə imicinin gücləndirilməsi üçün də mühüm bir addımdır. Bu səfər  Gürcüstanın beynəlxalq məsələlərdə daha fəal rol oynamasını təmin etməyə yönəlmiş bir addım kimi dəyərləndirilə bilər. Baş nazirin səfəri həm də Gürcüstanın müstəqil və suveren dövlət olaraq dünya siyasətindəki yerini daha da möhkəmləndirə bilər.

Baş nazir İrakli Kobaxidzenin səfəri, Gürcüstan üçün böyük əhəmiyyət kəsb edən bir hadisədir. Səfər, həm diplomatik əlaqələrin inkişafı, həm iqtisadi əməkdaşlığın artırılması, həm də regional təhlükəsizliyin müzakirəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu cür səfərlər, Gürcüstanın beynəlxalq aləmdəki rolunu və mövqeyini daha da gücləndirəcək.

Kərimova Aygül,
262 saylı tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button