AnalitikaGündəmSiyasət

Gürcüstan Prezidentinin Azərbaycan səfəri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi

2025-ci il aprelin 16-da Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin daha da aktuallaşdığı bir dövrə təsadüf etməklə, iki qonşu və dost ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirmişdir. Prezident Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüş zamanı bir sıra mühüm məsələləri müzakirə etmiş, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımlar atılmışdır.

Qeyd edək ki, Gürcüstan Prezidentinin səfəri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Görüş zamanı Prezident İlham Əliyev və Prezident Mixeil Kavelaşvili regionda sülhün və sabitliyin təmin edilməsində Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm rol oynadığını vurğuladılar. Hər iki lider regional təhlükəsizlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi mövzularında dərin fikir mübadiləsi apardı. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması perspektivləri, Orta Dəhliz layihəsinin inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələcəyi əsas müzakirə mövzularından biri oldu.

Məhz, Görüş çərçivəsində iqtisadi məsələlər xüsusi yer tutdu. Prezidentlər Azərbaycanın Gürcüstana etdiyi sərmayələrin artmasından və ikitərəfli ticarət dövriyyəsinin son illərdə əhəmiyyətli dərəcədə yüksəlməsindən məmnunluqlarını ifadə etdilər. Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də diqqət mərkəzində oldu. Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsində Gürcüstanın tranzit ölkə kimi strateji mövqeyi bir daha təsdiqləndi. Həmçinin, gələcəkdə yaşıl enerji sahəsində birgə layihələrin həyata keçirilməsi üçün razılıqlar əldə olundu.

Eyni zamanda görüş zamanı tərəflər humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğuladılar. Tələbə mübadilə proqramları, elm və təhsil sahəsində birgə təşəbbüslər, mədəniyyət günləri və digər tədbirlərin keçirilməsi barədə razılıq əldə olundu. Prezident İlham Əliyev Azərbaycanın Gürcüstanda yaşayan azərbaycanlı icmasının rifahına verdiyi diqqəti, Gürcüstan Prezidenti isə ölkəsindəki etnik azlıqların hüquqlarının təmin olunmasına dair öhdəlikləri bir daha təsdiq etdi.

Səfər çərçivəsində tərəflər həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklə bağlı məsələləri müzakirə etdilər. Prezidentlər Azərbaycan və Gürcüstanın beynəlxalq arenada bir-birinin maraqlarını müdafiə etdiklərini vurğuladılar və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün birgə fəaliyyət planlarının hazırlanması barədə razılığa gəldilər. Mixeil Kavelaşvilinin Bakıya rəsmi səfəri Azərbaycan-Gürcüstan münasibətlərində yeni bir səhifənin açılması kimi qiymətləndirilə bilər. Bu səfər təkcə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi ilə kifayətlənmir, həm də regional sabitlik və inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Mixeil Kavelaşvilinin ortaq iradəsi, iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində atılan addımlar gələcək üçün mühüm mesajdır.

Azərbaycan və Gürcüstanı birləşdirən ortaq tarix, mədəni bağlar və strateji maraqlar fonunda bu səfər, hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Cənubi Qafqaz regionunda əməkdaşlıq və tərəfdaşlıq modelinin möhkəmləndirilməsinə töhfə verir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button