Tarixin şanlı qələbəsi – 20 Noyabr Ağdam şəhərinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan tarixi bir gün. Bəli, 20 noyabr tarixi Azərbaycan xalqının tarixinə əlamətdar bir gün kimi daxil oldu. Bu tarix Qarabağ uğrunda Azərbaycan xalqının keçdiyi çətin yolun, mübarizənin və əzmkarlığın simvoludur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünün bərpası Ağdam kimi qədim bir yurdun yenidən canlanmasına və dirçəlməsinə zəmin yaratdı. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olundu.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edildi. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrildi. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmadı. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləmişdi. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirdi.
Artıq Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılmışdır. Nəhayət, 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilmiş, həmin gün Azərbaycan Ordusu Ağdam şəhərinə daxil olmuş və üçrəngli bayrağımızı şəhərin ən uca yerinə sancmışdılar.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciət edərək bütün ağdamlıları təbrik edərək demişdir: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümükündür”.
Nəhayət, 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi ilə əlaqədar olaraq lokal anti-terror tədbirlərinə başlanmışdır. Qeyd etdiyimiz tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.
Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, məscidlər, Muğam Mərkəzi inşa edilmişdir. İndi hal- hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.
Beləliklə, Müzəffər Azərbaycan Ordusu Zəfər çaldı. Bəli, uzun illərdən bəri gözlədiyimiz an gəlib çatdı. Azərbaycan torpaqları mənfur düşmən tapdağından azad olundu. Ağdamımız, onun ardınca Kəlbəcərimiz, Laçınımız…bütün Qarabağımız, qürurumuzu, özünəgüvənimizi, inamımızı qaytaran, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Prezident, Ali Baş Komandanımız İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaqdır.
Qayıdışın mübarək, Ağdam!
Orucova Aybəniz,
Xəzər rayonu, 323 №li tam orta məktəbin direktor müavini