Gənclər və idman naziri “Gənclər üçün Prezident mükafatı”na layiq görülmüş şəxslərlə görüşüb
Aprelin 1-də gənclər və idman naziri Fərid Qayıbov 2022-ci və 2023-cü illərdə “Gənclər üçün Prezident mükafatı”na layiq görülmüş şəxslərlə görüşüb.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə 2022-ci və 2023-cü illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub.
Gənclər və İdman Nazirliyində təşkil edilmiş tədbirdə nazir Fərid Qayıbov mükafata layiq görülmüş gəncləri təbrik edib, onlara uğurlar arzulayıb. Fərid Qayıbov qeyd edib ki, dövlət mükafatlarına layiq görülmüş gənclərin qazandıqları uğurları və təcrübələri gənc nəsillə bölüşmələri üçün bundan sonra da birgə fəaliyyətləri faydalı ola bilər.
Nazir Fərid Qayıbov elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqləndikləri üçün gənclər mükafatlarına layiq görülmüş gənclərə mükafatları təqdim edib. Nazir, həmçinin gənclər siyasəti sahəsindəki fəallıqlarına görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülmüş şəxslərə də müvafiq vəsiqə və medalları təqdim edib.
Sonda nazir mükafata layiq görülmüş gənclərlə fikir mübadiləsi aparıb, onların təkliflərini dinləyib. Səsləndirilən təkliflərin ümumiləşdirilərək müzakirə edilməsi və birgə görüşlərin davam etdirilməsi barədə tövsiyələrini verib. Gənclər diqqət və qayğıya, eləcə də fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısına minnətdar olduqlarını bildiriblər.