Gənclər Kitabxanasında növbəti virtual sərgi Beynəlxalq Əlillər Gününə həsr olunub

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb.
Globalnews.az AZƏRTAC-a istinadən bildirilib ki, sərgidə Beynəlxalq Əlillər Gününün təsis edilmə tarixi, məqsədi və vəzifələri, əlilliyi olan şəxslərin hüquqları, sosial müdafiəsi, bu sahədə qəbul olunmuş rəsmi sənədlər barədə nəşrlər təqdim olunur. Virtual sərgidə, həmçinin Azərbaycanda əlilliyi olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təmələ söykəndiyi, fiziki məhdudiyyətli şəxslərə göstərilən dövlət qayğısı və bu istiqamətdə həyata keçirilən islahatlar barədə materiallar yer alır.
Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərin cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası, onların məşğulluq səviyyəsinin artırılması və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr haqqında da geniş məlumat verilir. Həmçinin bu kateqoriyadan olan şəxslərin idman və yaradıcılıq sahəsində qazandıqları uğurları əks etdirən videogörüntülər nümayiş olunur.
Kitabxananın rəsmi saytında yerləşdirilən materialda “Əlilliyi olan insanların əmək hüquqları”, “Funksionallıq, əlillik və sağlamlığın beynəlxalq təsnifatı”, “Əlillik məsələləri üzrə terminlərin izahlı lüğəti” və digər kitablar da istifadəçilərə təqdim edilir.



