AnalitikaGündəmSiyasət

Gənc Kadrların İrəli Çəkilməsi Siyasətinin Təcəssümü: “Yüksəliş” Müsabiqəsinin Rolu

Müasir dövrdə dövlətlərin davamlı inkişafı üçün innovativ düşüncəyə malik, peşəkar və liderlik bacarıqları ilə seçilən kadrların hazırlanması əhəmiyyətli prioritetlərdən biridir. Azərbaycanın idarəetmə siyasətində gənclərin inkişafına və onların irəli çəkilməsinə xüsusi diqqət yetirilir. Bu kontekstdə, “Yüksəliş” müsabiqəsi ölkənin gənclər siyasətinin mühüm elementlərindən biri kimi önə çıxır. Müsabiqə dövlət və özəl sektorun ehtiyaclarına uyğun liderlər yetişdirmək, potensiallı gənclərin inkişafına dəstək olmaq və onların ictimai həyatın müxtəlif sahələrinə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

“Yüksəliş” müsabiqəsinin əsas məqsədi gənclərin potensialını müəyyən etmək və bu potensialı cəmiyyətin inkişafına yönəltməkdir. Müsabiqə çərçivəsində gənclərə peşəkar hazırlıq, idarəetmə biliklərinin artırılması və liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün müvafiq şərait yaradılır. Bu yanaşma ilə yeni nəsil idarəçilərindən ibarət bir bazanın formalaşdırılması və dövlət siyasətində şəffaflığın, yeniliklərin və dayanıqlılığın təmin edilməsi hədəflənir. Bu  müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildən həyata keçirilir. Bu layihə gənc idarəçilərin və rəhbər şəxslərin üzə çıxarılması üçün xüsusi bir platforma kimi fəaliyyət göstərir. Müsabiqə iştirakçıları beynəlxalq səviyyədə tanınan mütəxəssislər tərəfindən hazırlanmış təlimlərdə iştirak etmək, müxtəlif idarəetmə yanaşmaları ilə tanış olmaq, idarəetmə problemləri üzərində işləmək və praktiki bacarıqlarını sınamaq imkanı əldə edirlər. Eyni zamanda, iştirakçılar ölkənin tanınmış liderləri və təcrübəli menecerləri ilə əməkdaşlıq edərək fərdi inkişaf planlarını formalaşdırır. Müsabiqə prosesində onların bilik, bacarıq və liderlik qabiliyyətləri müxtəlif mərhələlərdə qiymətləndirilir.

Müsabiqə gənclərin irəli çəkilməsinə, dövlət və özəl sektor üçün müasir düşüncəyə malik, yüksək potensiallı kadrların hazırlanmasına böyük töhfə verir. Həmçinin, müsabiqə gənclər arasında müsbət rəqabət prinsiplərinin inkişaf etdirilməsinə, onların daha fəal və təşəbbüskar olmalarına şərait yaradır. Müsabiqə iştirakçıları arasında əlaqələr qurularaq, gələcəkdə dövlət və özəl sektorun müxtəlif layihələrində əməkdaşlıq üçün baza yaradılır. Bununla yanaşı, müsabiqənin bütün ölkəni əhatə etməsi, regional inkişaf siyasətinə dəstək olmasına imkan verir və regionlardan olan gənclərin liderlik bacarıqlarını üzə çıxarır, cəmiyyətə və dövlət idarəetməsinə təsiri əhəmiyyətlidir. Gənclərin bilik və bacarıqlarının artırılması ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfə verir. Gənclərin idarəetmə sisteminə inteqrasiyası, innovativ düşüncə və müasir idarəetmə alətlərinin tətbiqinə şərait yaradır. Beləliklə, “Yüksəliş” müsabiqəsi Azərbaycanda gənc kadr siyasətinin uğurlu bir modeli kimi özünü doğruldur, gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onların dövlət idarəçiliyində iştirakını təmin etmək və ölkənin intellektual potensialını artırmaq baxımından strateji əhəmiyyət daşıyır. Gələcəkdə bu cür layihələrin davamlı həyata keçirilməsi, Azərbaycanın sosial və iqtisadi inkişafına mühüm töhfə verəcək və idarəetmədə yeni liderlərin formalaşmasına zəmin yaradacaqdır.

Rəhimova Gülnar,
206 № məktəbin fizika müəllimi

Oxşar Xəbərlər

Back to top button