Gələcəyin qurucusu, bu günün xilaskarı – Heydər Əliyev
Torpaq əlində silah, qəlbində vətən eşqi ilə döyünən igidlərin Vətəni, sevgisi, amalıdır. Ancaq dövlət isə güclü, səriştəli sərkərdələrin mirasıdır. Ən böyük sərkərdə öz xalqına dövlətin yalnız sərhədlərini deyil, həm də bütövlüyünü əbədi olaraq qoruyub saxlamanın yollarını miras qoyandır. Ən xoşbəx xalq isə bu cür liderə sahib olandır.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu olan bu dahi insan Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Yuxarıda sadaladığımız kimi Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilən, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edən və onun həyata keçirilməsi üçün mühüm addımlar atan mükəmməl insan xalqın rifahı və inkişafı üçü əlindən gələni əsirgəməmişdir.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində hər zaman xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.
Ən ağır məqamlarda düzgün qərar verməyi bacaran, Ümumilli liderin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Buna səbəb 1993- cü ilədək başımıza gələn müsibətlərin fonunda Heydər Əliyevin düzgün strateji qərarlar verməsi oldu. Belə ki, ən ağır vaxtlarımızda 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı öz liderini hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və millətin istəyi, səyi nəticəsində ölkənin o dövrkü rəhbərliyi onu istəməsə də Bakıya dəvət etməyə sanki vadar edilmişdi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən şəfafflığa, aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi bütün saflığı, aydınlığı xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.
Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə dövləti idarəetmə siyasəti yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək – bir sözlə, əsl məktəbi idi.
İlk öncə cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş başladı. Ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. Respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.
Dövlətin içində dövlət qurmaq istəyi… Sanki C. Məmmədquluzadənin “Anamın kitabı” əsərini canlı olaraq səhnədə deyil, həyatda öz gözlərimizin qarşısında yaşayırdıq. 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası”nın elan olunması buna sübut idi. Tezliklə bu bədnam iddiaya da son qoyuldu. Separatçılıq cəhdlərin və vətəndaş qarşıdurmasının qarşısı Ümumilli liderin səyi, israrları nəticəsində alındı.
Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə kölgə salmağa çalışanların bir oyunu idi. Ancaq bu oyun, xaos, gərginlik, işğalçı siyasətin ömrü çox qısa oldu.
“Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” – deyən dahi siyasətçi Heydər Əliyev qarşısına qoyduğu bütün hədəflərinə çatmaqla yanaşı, bizim üçün fəxr və qürurla danışacağımız bir ziyalı həyatı, gələcək nəsillər üçün örnək bir siyasi addım, dövlətçilik ənənənəsi – bir sözlə, böyük bir gələcək bəxş etdi.
Hüseynova Ziyagül,
Xəzər rayonu, 26№li tam orta məktəbin müəllimi