Füzulinin yeni siması göz oxşayır

“44 Günlük Vətən müharibəsi” nəticəsində işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan bərpa işləri nəticəsində Qarabağımızın hər bir guşəsi daha da gözəlləşir. Müharibədən sonrakı 3 il ərzində həyata keçirilən quruculuq tədbirlərinin ən gözəl nəticəsi isə bu yurdun öz sakinlərinin doğma ocaqlarına qayıtmasıdır. Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır.
2023-cü il 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə ölkəmizin Prezidenti İlham Əliyev şəhər sakinləri ilə görüşmüşdür. Bu görüşdə cənab Prezident Füzuli sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir. O öz çıxışında bildirmişdir ki, Füzuli gənclərinin vətənə sevgisi onların öz torpaqlarına qayıtma arzusundan görünür. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var.
“Füzuli indi tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib” – deyə İlham Əliyev çıxışında vurğulayıb.
Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub. Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür.Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb.
Cənab Prezident öz çıxışında şəhidlərimizin xatirəsinə dərin ehtiramını ifadə edib. Qeyd edib ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar.
Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur.
Babayeva Ləman,
Xəzər rayonu, 136 №li tam orta məktəbin tarix müəllimi