AnalitikaGündəmSiyasət

Füzuli – Zəfərin və dirçəlişin ünvanı

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının yaddaşında qürur, sevinc və sonsuz iftixar hissi ilə yaşayan əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın Vətən sevgisinin, milli birliyinin və torpaqlarımıza bağlılığının təntənəsini özündə əks etdirir. Füzuli şəhəri uzun illər ərzində doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində bir ümid çırağı kimi yanmış, azadlıq arzusu nəsildən-nəslə ötürülmüşdür. Nəhayət, Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində şəhərimiz işğaldan azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur.

Füzulinin azadlığı yalnız bir şəhərin düşmən tapdağından qurtulması deyildi. Bu, illərlə yurd həsrəti çəkən insanların gözlərindəki kədərin sevincə çevrilməsi, ata-baba torpaqlarına qayıdış ümidinin gerçəyə dönməsi idi. Şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onların qanı, qəhrəmanlığı və Vətənə sədaqəti müstəqil Azərbaycanın tarixində silinməz iz qoymuşdur. Bu gün Füzulidən danışarkən hər bir azərbaycanlı qürurla başını dik tutur, çünki bu torpağın azadlığı milli iradəmizin və yenilməz ruhumuzun təcəssümüdür.

Bu gün Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gələcəyə inamla addımladığını nümayiş etdirir. Yeni yollar, müasir yaşayış məhəllələri, sosial obyektlər və yaradılan infrastruktur şəhərin simasını yeniləyir. Vaxtilə dağıntılarla üz-üzə qalan torpaqlarda indi həyat yenidən canlanır, quruculuq səsi eşidilir. Dövlətimizin diqqət və qayğısı nəticəsində doğma yurda qayıdan sakinlər üçün layiqli yaşayış şəraiti yaradılır. Füzuli öz tarixi köklərini qorumaqla yanaşı, müasir Azərbaycanın inkişaf salnaməsində mühüm yer tutur.

17 Oktyabr – Füzuli Şəhəri Günü hər birimizə Vətənə sədaqətin, milli həmrəyliyin və dövlətçilik düşüncəsinin nə qədər böyük dəyər olduğunu xatırladır. Bu əlamətdar günün mahiyyəti yalnız keçmiş qələbəni qeyd etmək deyil, həm də azad edilmiş torpaqlarımızın inkişafına, xalqımızın rifahına və gələcək nəsillərin xoşbəxtliyinə töhfə verməkdir. Füzuli bu gün azadlığın, ümidin və yenidən doğuluşun rəmzi kimi ucalır. Əminik ki, şəhərimizin hər yeni uğuru Azərbaycan dövlətinin qüdrətini daha da artıracaq, Füzulinin adı gələcək nəsillərin yaddaşında qəhrəmanlıq və tərəqqi ünvanı kimi yaşayacaq.

Elvin Məmmədov,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button