AnalitikaGündəmSiyasət

Füzuli – Qələbənin və Yenidənqurmanın Şəhəri

17 oktyabr Azərbaycan tarixində xüsusi yerə malikdir. 2020-ci ilin bu günü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bu hadisə təkcə hərbi qələbə deyil, eyni zamanda Füzulinin yenidən doğuluşunun, inkişaf və tərəqqi dövrünün başlanğıcı oldu.

Füzuli rayonunun işğaldan azad edilməsindən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən ərazidə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Dövlət başçısının rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli rayonu tamamilə yenidən qurulma mərhələsinə daxil olub. Məqsəd – dağıdılmış şəhəri müasir, yaşanılan və inkişaf etmiş mərkəzə çevirməkdir.

Qısa müddət ərzində Füzuli rayonunda misilsiz irəliləyişlər əldə olunub. Cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə istifadəyə verilib. Bu hava limanı regionun iqtisadi və strateji əhəmiyyətini artırmaqla yanaşı, Füzulinin Qarabağa açılan qapısına çevrilməsinə səbəb olub. Prezident İlham Əliyevin sözləri ilə desək, “Füzuli Beynəlxalq Hava Limanı azad olunmuş torpaqlara qayıdışın simvoludur.”
Bununla yanaşı, Füzuli şəhərinin baş planı hazırlanaraq təsdiq edilib. Plan çərçivəsində müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış massivləri, sosial obyektlər, məktəblər, xəstəxanalar, park və istirahət məkanları tikilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları üzrə infrastruktur layihələri həyata keçirilir. Su, qaz, elektrik, kanalizasiya və rabitə xətləri tam bərpa olunur.

Füzuli şəhərinə və rayonun digər kəndlərinə aparan yollar yüksək səviyyədə yenidən qurulur. Əhmədbəyli–Füzuli–Şuşa, Füzuli–Hadrut və Zəfər yolu kimi mühüm magistrallar həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Bu yollar bölgənin logistika imkanlarını genişləndirir və köç prosesini sürətləndirir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mütəmadi olaraq Füzuliyə səfərlər edərək görülən işlərlə yaxından tanış olur, vətəndaşların doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıtmaları üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirirlər. Artıq ilk sakinlərin Füzuliyə köçü başlayıb və şəhərdə həyat yenidən canlanır.

Bu gün Füzuli təkcə bir şəhər deyil, həm də Azərbaycan xalqının gücünün, dözümünün və yenilməzliyinin rəmzidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Füzuli dağıntılardan doğulan, müasir dövrün tələblərinə cavab verən nümunəvi bir şəhərə çevrilir.
17 oktyabr – Füzuli şəhəri günü həm Qələbənin, həm də Yenidənqurmanın bayramıdır. Bu tarix xalqımızın iradəsini, dövlətimizin qüdrətini və gələcəyə olan inamını simvolizə edir.

Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button