Füzuli əməliyyatı

Azərbaycanın qədim və çox böyük tarixə malik bölgələrindən biri də Füzuli rayonudur. Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Əsası 1827-ci ildə qoyulan Füzulinin ilkin adı yerləşdiyi yaşayış məskəninə uyğun olaraq Qarabulaq adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb.
Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan əraziləri əhatə edir. Bakıdan 325 kilometr aralıda yerləşən rayonun ərazisi 1386 kvadratkilometrdir. Bu bölgənin tarixi çox qədimlərə gedib çıxır. Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Füzulinin qədim yaşayış məskənlərindən biri olduğu təsdiqlənib. Şəhərdən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb. Bu tapıntı Füzuli rayonu ərazisində qədim paleolit dövründə insan məskənlərinin mövcudluğunu təsdiqləyir. Azıx paleolit düşərgəsində aşkar olunan maddi-mədəniyyət nümunələri Parisin İnsan muzeyində “Avorpanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib.
Bundan başqa, Füzuli ərazisində tunc dövrünə aid Qaraköpəktəpə, Meynətəpə və digər tarixi abidələr də var. Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan Əhmədalılar, Babı və Mirəli türbələri, Karvansaray, Hacı Ələkbər məscidi, “Məşədi Həbib” hamamı və digər tarixi abidələr erməni vandalizminin qurbanı olub. Ermənistanın işğalı nəticəsində dağıdılan abidələrimizin siyahısı bununla bitmir. Horadiz kəndində XIX əsrə aid məscid binası, İmamzadə türbəsi, Saracıq və Gorazıllı kəndlərindəki tarixi körpülər, XII əsr qəbiristanlığı və digər maddi-mədəniyyət nümunələri də ermənilər tərəfindən dağıdılıb.
1993-cü il avqustun 23-ü Füzuli rayonu ermənilər tərəfindən işğal olundu. 1994-cü ildə Milli Ordumuzun əks-hücumu nəticəsində Horadiz qəsəbəsi və Füzulinin bir hissəsi işğaldan azad edildi, dağılan evlər bərpa olundu, sakinlərin bir çoxu yenidən öz ata–baba yurdlarına qayıtdı. Lakin 51 kənd və Füzuli şəhəri erməni tapdağı altında idi, rayonun 55 min nəfərə yaxın sakini köçkün həyatı yaşayırdı.
Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Hətta bəziləri Füzuli rayonun azad edilə biləcəyinə inanmır, bəzi hərbi ekspertlər isə rayonun azad olunması üçün aylarla vaxt lazım olacağını bildiridilərLakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Ordumuz düşməndən qisası döyüş meydanında alırdı. Çünki Azərbaycan Ordusu məsuliyyətli və peşəkar ordudur. Ordumuz öz peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salmış, Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Füzuli uğrunda gedən və qalibiyyətlə bitən döyüşlər ordumuzun döyüş bacarığının, şəhid və qazilərimizin fədakarlığının nəticəsidir. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin, bu mühüm qələbədə payı olanların şücaət və vətənpərvərliyi diqqətdən kənarda qalmayıb, dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. İnkişaf yoluna qədəm qoymuş Füzulinin işğaldan azad edilmiş qəsəbə və kəndlərində coşqun tərəqqi, yüksəliş var. Müharibədən və qaçqınlıqdan əziyyət çəkmiş insanlar nə yaxşı ki, nəhayət, öz yurdlarına qayıdaraq qurub yaratmaqla məşğuldurlar. Qarabağın bu qədim və gözəl guşəsində gördüklərimiz bizi həm xiffətləndirdi, həm də ürəkdən sevindirdi. Bədnam qonşularımızın taladığı, yandırdığı evlərdən nişanələr hələ də qalmaqdadır. Bir tərəfdə isə torpağına qayıdanların dövlətimizin dəstəyi və köməyi sayəsində qurub yaratdıqlarını, düşmənin acığına gözəl həyat və yaşayışı bərpa etdiklərini gördükcə sevinirdik. Ta qədimdən Qarabağ camaatı ağayana, səxavətli, qoçaq, torpağına bağlı, yurdsevər və çalışqan olub. İndi bu yerlərdə bir özgə aləm var.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəb