Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir
Azərbaycan klassik bədii ədəbiyyatı hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. O, ən çətin dövlət vəzifələrini icra edəndə də, ağır diplomatik missiyaları yerinə yetirəndə də həmişə klassiklərlə maraqlanmış, onların ədəbi-tarixi əhəmiyətini ön plana çəkib. Elə buna görə də “klassik irsimizə, klassik ədəbiyyatımıza və onun nümayəndələrinə böyük diqqət və qayğı göstərən, bu ədəbiyyatın ictimai inkişafda, yeni insan tərbiyəsində oynadığı rolu yüksək qiymətləndirən və bun görə də onların sənətinin ölməzliyinin qarantı kimi çıxış edən Heydər Əliyevin öz də klassiklərin cərgəsinə daxil olmuş, onlar kimi ölməzlik qazanmışdır (“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, B., “Şərq-Qərb” 2009. s. 203). Olduqca dəqiq mülahizədir. H.Əliyevin klassik irs təlimində dahi qəlb şairi Məhəmməd Füzuli xüsusi yer tutur. Şairin 1994-cü ildə tamamlanan 500 illiyini dünya miqyasında ədəbi hadisə kimi qeyd etmək uğrunda fəal çalışan qüdrətli lider 1996-cı ilə kimi dəfələrlə şairin yaradıcılığına müraciət etmiş, böyük bir monoqrafiya yazmağa imkan verən fikirlər söyləmişdir. H.Əliyev Füzulinin ədəbi-tarixi mövqeyinə və bənzərsiz poeziyasına ümumtürk və bir çox hallarda ümumbəşəri kontekstdə yanaşırdı.
Füzuli yubileyinin keçirilməsi günləri Azərbaycanda mürəkkəb ictimai-tarixi dövrə təsadüf edir. Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinə böyük önəm verərək bu tədbiri “Azərbaycan xalqını dünyaya bir daha tanıtmaq hadisəsi” kimi qiymətləndirirdi: “Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik.
Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir”.
Füzulinin şöhrəti Azərbaycanın şöhrəti idi və bu niyyətinə Heydər Əliyev böyük birəzmlə nail oldu. Ümumi, tarixi-siyasi dəyərlənmələrlə bərabər, mütəfəkkir lider, Füzuliyə münasibətin metodoloji meyarlarını, füzulişünaslığın prioritetlərini də təyin edirdi: “Füzulinin ədəbi irsinin öyrənilməsi və təbliği sahəsində işlər yubileydən sonra da davam etdirilməlidir”. Bu bir zərərli ənənəyə qarşı söylənilmiş perspektivli fikir idi: adətən, böyük hay-küylə klassiklərin yubileyləri keçirilir. Həqiqətən cahanşümul işlər görülür – klassik irsçap olunur, əcnəbi dillərə az-çox tərcümə edilir, yaradıcılığı haqqında tədqiqat əsərləri – məqalə, kitab və monoqrafiyalar yazılır. Fəqət bütün bu təntənələrdən sonra sanki həmin klassik yenidən tarixin panteonuna yola salınır və onunla bağlı bir məzarlığın sükutu başlanır. Fəqət Azərbaycan ədəbiyyatşünaslıq elmi Füzuli yubileyindən sonra dahi şairə yeni istiqlal metodu ilə yanaşdı, məsələn, mətbuatın qeyd etdiyi kimi G.Əliyeva Kəngərlinin “Azərbaycan füzulişünaslığı” (2007) fundamental monoqrafiyası ilə Azərbaycan füzulişünaslığının ötən mərhələləri yekunlaşdı və yeni mərhələnin əsası qoyuldu. Bu həm də yeni gələn nəsillərə Füzulini tanıtmaq yolunda uğurlu təşəbbüs idi.
Heydər Əliyev 1994-cü ildə Türkiyənin Bilkənd Universitetindəki çıxışında demişdir: “Bu gün xalqımız üçün böyük bayram günüdür. Türk dünyasının, Azərbaycan xalqının, Türkiyə xalqının, bütün türk xalqlarının böyük şairi, mütəfəkkiri, filosofu Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinin Türkiyədə, Ankarada, bu gözəl Bilkənd Universitetinin sarayında təntənə ilə qeyd edirik”.
Heydər Əliyevin ədəbi-tarixi proses konsepsiyasına M.Füzuli “bütün türk xalqlarının böyük şairi” kimi daxil olur və bu tarixən olduqca düzgün qiymətdir. Ulu öndər Füzuli irsini “Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnək” kimi dəyərləndirirdi.
Ümumiyyətlə, mütəxəssislərin (AMEA-nın müxbir üzvü T.Kərimli və professor V. Quliyev – S. Ə.) belə bir fikri yerinə düşür ki, “Klassik ədəbiyyat, Heydər Əliyev üçün hər şeydən əvvəl, müasirliyi, konkret tarixi situasiyada xalqa mədəni-mənəvi xidmət göstərmək potensialı ilə maraqlı və aktual idi. O bu tələbi klassik ədəbiyyatın bütün böyük nümayəndələri qarşısında qoyur və özü də onların həmin tələbə yüksək səviyyədə cavab verdiklərini məntiqi dəlillərlə əsaslandırırdı”.
Füzulişünaslıq böyük bir elmdir, tarixi dahi Füzulinin özündən başlanır (G.Əliyeva Kəngərli). Bu istiqamətdə Azərbaycan, Türkiyə, Avropa, Orta Asiya, Rusiya alimləri dəyərli monoqrafiya və kitablar yazıblar. Bu əsərlərin hərəsinin öz məziyyəti, elmi-tarixi rolu var. Lakin Heydər Əliyevin Füzuliyə münasibətin daha orijinal və miqyas etibarilə qlobaldır. Onun konsepsiyasında Füzuli dünyaya Füzuli və türk dünyası müstəvisində təqdim olunur. Orta çağlarda iki nəhəng sənətkar M. Füzuli və Ə.Nəvai türk xalqlarını inam və iman yeri olmuşlar.
Heydər Əliyev Türkiyə Böyük Millət Məclisindəki çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, qədim türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətini (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq, bu günlərə gətirib çıxarmışdır”.
Deməli H.Əliyevin Füzuliyə belə böyük önəm verməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası XX əsrdə parçalanmış türk dünyasını, pərən-pərən düşmüş türk cümhuriyyətlərini birləşdirmək imiş. Bu böyük siyasətçinin müdrik gedişi idi. O türk xalqlarını birləşdirmək üçün birbaşa siyasi yol seçmədi, mənəvi yol seçdi, türk tarixini, türk mənəviyyatını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” yolunu, “Manas” yolunu, Füzuli yaradıcılığını intixab etdi. Uzaqgörən siyasətçi böyük strateq həm Füzuli vasitəsi ilə Azərbaycanı dünyaya tanıtdı, həm türkün dünya sivilizasiyasındakı uca yerini göstərdi, həm də gələcək nəsillərə türkləri birləşdirməyin yolunu göstərdi. Heydər Əliyev zəkası ilə Füzuli dühasının vəhdətindən doğan bədii-tarixi nəticə məhz bundan ibarət idi.
Heydər Əliyev Nizamiyə, Nəsimiyə, Füzuliyə – ümumən klassiklərə yüksək dəyər verərkən ictimai-tarixi məqsədlərlə bərabər həm də Azərbaycan ədəbiyyatının gələcəyini düşünürdü. Bu məsələni tədqiqatçılar xüsusi olaraq vurğulayırlar: “Heydər Əliyevin klassik ədəbiyyata və onun ölməz nümayəndələrinin irsinə verdiyi müstəsna əhəmiyyət bir də onunla bağlı idi ki, ədəbi inkişafın sonrakı dövrlərində ən istedadlı şair və yazıçılarımız klassik ədəbiyyatda qoyulmuş ümumbəşəri humanist mövzu və obrazlara dönə-dönə qayıdır və xalqın, millətin qarşısında duran problemləri həll etmək üçün onlardan uğurla bəhrələndilər” (T.Kərimli, V.Quliyev. Heydər Əliyev və klassik ədəbiyyat. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. B. , “Şərq-Qərb” 2009. s. 113). Beləliklə də H.Əliyev ədəbi varisliyin yeni, optimal bir formasını gündəmə gətirir: klassik irs yeni ədəbi nəsillər üçün həm mövzu və ideya mənbəyi, həm də poetik örnəkdir! Bu həqiqətən belədir: Məsələn XX əsrin ədib və şairləri dönə-dönə Nizami, Füzuli mövzularına müraciət etmiş, onlarda öz əsrlərinin suallarına cavab axtarmış, həmin mövzulara ədəbi-poetik təravət gətirmişlər. Klassiklərin yeni zəmanədə dirçəlişi həmişə intibah səviyyəsində olması da, dünya ədəbi-tarixi prosesində mümkün olan bir hadisədir. Fikrimizcə, klassik ədəbiyyatın gücü, yaşarılığı və bəşəriliyi də ilk növbədə belə bir ideya-poetik gücə malik olmasındadır.
Heydər Əliyevin fikrincə, Füzuli kimi böyük sənətkarlar öz xalqlarının tarixdə irəliləməsinə kömək edir, tarixin qaranlıq dolanbaclarında onun irəliləməsi üçün bir növ mayaka çevrilirlər: “Azərbaycan xalqının həyatı böyük, çətin mərhələlərdən keçmişdir. Ancaq bütün çətinlikləri keçməkdə Azərbaycan xalqına onun böyük insanlarının, böyük şəxsiyyətlərinin yaratdıqları sənət əsərləri kömək etmişdir. Füzuli bunların arasında görkəmli yer tutur”.
Füzuli orta çağlar Şərq-Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi zirvəsidir. Ona görə də Füzulini görmək və göstərmək üçün onu öyrənmək lazımdır. Və H.Əliyev bu cəhətə – Füzuli irsinin nəşri və tədqiqi məsələsinə xüsusi önəm verirdi. Bu baxımdan XX əsrin sonunda keçirilən Füzuli bayramı təkcə türk millətlərinin birlik mərasimləri deyil, həm də bir növ XX əsr ədəbi-filoloji fikrinin yekunu idi. Heydər Əliyev bu fikirdə idi ki, “Biz elmimizin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın XX əsrdəki nailiyyətləri ilə fəxr edə bilərik”. Həqiqətən də XX əsrdə Azərbaycanda elm və mədəniyyət, xüsusilə də humanitar və ictimai elmlər, filoloji fikir vüsətli inkişaf yolu keçmiş, Azərbaycanda rəssamlıq, musiqi, aktyor və ədəbiyyatşünaslıq məktəbləri təşəkkül tapıb formalaşmışdır. Burada müxtəlif xalqların və onların mədəniyyətlərinin qarşılıqlı əlaqə və təmasda olduğu ümumittifaq mühitinin də rolu danılmazdır.
H.Əliyevin Füzuli ilə bağlı görüşləri onun ümumiyyətlə klassik irsə münasibətinin miqyaslarını əks etdirir. Heç şübhəsiz ki, tarixilik və müasirliyin vəhdəti onun klassik irsə münasibətinin metodoloji əsasını müəyyənləşdirir. Əslində bu, klassik irsi müasirliyin dili ilə oxumaq nümunəsidir. Füzuliyə münasibətdə Heydər Əliyev zəkası ilə Füzuli dühası bir-birini üzvi şəkildə tamamlayır. Füzuli dühasının mahiyyətini açmaq və bütün cahana göstərmək XX əsrdə hamıdan çox H.Əliyevə nəsib olmuşdur.
Qədəşova Mehparə,
Xəzər rayonu, 216 saylı məktəbin müəllimi