
Prezident İlham Əliyev 19 iyul 2025-ci il tarixində III Şuşa Qlobal Media Forumunda geniş və əhatəli çıxış etmişdir. Forum Qarabağın incisi olan Şuşa şəhərində təşkil olunmuşdur. Tədbirə dünyanın 60-dan çox ölkəsindən jurnalistlər və media ekspertləri qatılmışdır. Forumun əsas mövzusu “Rəqəmsal yollar: Media və İnformasiyanın Davamlılığı” olmuşdur.
Prezident çıxışında medianın bu gün qarşılaşdığı çağırışlardan danışmışdır. O bildirib ki, media sabitliyin və cəmiyyətin inkişafının əsas sütunlarından biridir. İlham Əliyev qeyd edib ki, media savadlılığı və informasiya təhlükəsizliyi bu gün daha da əhəmiyyət kəsb edir.
Prezident süni intellektin informasiya məkanına təsirini xüsusi vurğulamışdır. O demişdir ki, texnoloji irəliləyişlər informasiya istehlakını və yayılmasını dəyişib. Azərbaycan bu dəyişikliklərə hazır olmalıdır.
Prezident media mühitində manipulyasiya və yalan xəbərlərlə mübarizənin vacibliyini qeyd etmişdir. O, Azərbaycanın informasiya məkanında şəffaflıq və dürüstlük prinsipinə sadiq olduğunu vurğulamışdır.
İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsində informasiya sahəsində qazandığımız təcrübədən də danışmışdır. Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də qalib gəlmişdir. Prezident bildirib ki, müharibə dövründə haqq səsimizi dünyaya çatdırmaq üçün medianın rolu əvəzsiz olub. O, bu uğurun peşəkar jurnalistlərin əməyinin nəticəsi olduğunu söyləmişdir.
Forumun məhz Şuşada keçirilməsi böyük rəmzi və siyasi əhəmiyyət daşıyır. Şuşa artıq yenidən qurulur və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Prezident qeyd etmişdir ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və bu şəhər indi həm də media mərkəzinə çevrilir. O bildirib ki, işğaldan azad olunan ərazilərdə aparılan bərpa işləri sürətlə davam edir.
Prezident çıxışında Ermənistanla sülh danışıqları məsələsinə də toxunmuşdur. O qeyd edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Ermənistanın konstitusiyası hələ də Azərbaycana qarşı ərazi iddiaları saxlayır. Bu isə danışıqlar prosesinə maneə yaradır.
İlham Əliyev bildirib ki, sülh real olmalıdır, bəyanatlarla deyil, əməli addımlarla dəstəklənməlidir. Prezident Minsk Qrupunun artıq tarixə qovuşduğunu və bu formatın aktuallığını itirdiyini vurğulamışdır. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etmişdir. Artıq regionda yeni reallıqlar formalaşıb.
Prezident Rusiya səmasında vurulan AZAL təyyarəsi ilə bağlı məsələyə də toxunmuşdur. O bildirib ki, bu ciddi hadisə ilə bağlı Rusiya tərəfindən hələ də konkret cavab verilməyib. Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq hüquq müstəvisində addımlar atacağını bəyan etmişdir. İlham Əliyev təqsirkarların cəzalandırılmasını və təzminat ödənilməsini tələb etmişdir. Bu məsələ Azərbaycan üçün prinsipialdır.
Prezident həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, bu dəhliz regional inteqrasiyaya töhfə verəcək. Ermənistan isə bu imkandan istifadə etməlidir, yoxsa daha da təcrid olunacaq.
İlham Əliyev beynəlxalq tərəfdaşlarla münasibətlərin əhəmiyyətinə də toxunmuşdur. O, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdiyini qeyd etmişdir. Prezident Donald Trampa sülh prosesinə verdiyi töhfəyə görə təşəkkür etmişdir.
İlham Əliyev Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu vurğulamışdır. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynayır.
Prezident çıxışında media azadlığından da bəhs etmişdir. O bildirib ki, Azərbaycada söz və ifadə azadlığı təmin olunur. Dövlət müstəqil medianın inkişafına hər zaman dəstək verir. Prezident jurnalistlərin peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulamışdır. O, medianın cəmiyyətdə vətəndaş məsuliyyətini formalaşdırdığını bildirmişdir.
İlham Əliyev çıxışında gənc jurnalistlərə də dəstək göstəriləcəyini qeyd etmişdir. Gənclər informasiya cəmiyyətinin əsas aparıcı qüvvələrindən biridir. Onların təhsili və peşə hazırlığı dövlətin diqqət mərkəzindədir.
Prezident bildirib ki, Azərbaycan yeni informasiya çağırışlarına hazırdır. Dövlət media siyasətində şəffaflıq, dəqiqlik və operativliyi əsas götürür.
Forum çərçivəsində müxtəlif panel müzakirələr və interaktiv sessiyalar keçirilmişdir. Prezident jurnalistlərin suallarına da açıq və əhatəli şəkildə cavab vermişdir. Onun cavabları reallığa əsaslanaraq beynəlxalq medianın diqqətini cəlb etmişdir.
Forum Azərbaycanın informasiya diplomatiyasının mühüm platformasına çevrilmişdir. İlham Əliyev forumun uğurla başa çatdığını qeyd etmişdir. O bildirib ki, bu tədbir Azərbaycanın informasiya strategiyasına yeni töhfə verdi.
Prezident çıxışını gələcəyə nikbin baxışla yekunlaşdırmışdır. O deyib ki, Azərbaycan müstəqil siyasət yürüdür və informasiya təhlükəsizliyini təmin etməkdə qərarlıdır.
Forum iştirakçıları Prezidentin çıxışını böyük maraqla izləyiblər. Xarici media nümayəndələri çıxışı yüksək qiymətləndirmişlər. Onlar Şuşada keçirilən tədbiri unudulmaz adlandırmışlar.
Prezidentin çıxışı Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu forum ölkəmizin söz sahibi olduğunu bir daha nümayiş etdirmişdir. İlham Əliyevin çıxışı həm milli, həm də beynəlxalq media üçün mühüm mesajlar daşıyırdı. Forumun uğurla keçirilməsi Azərbaycan mediası üçün yeni imkanlar açmışdır.
Əlizadə Günel
Yeni Azərbaycan partiyası,məsləhətçi