AnalitikaGündəmSiyasət

Fədakar Azərbaycan Jurnalisti

22 iyul 2025-ci il… Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 150 il ötür. 150 il- bir xalqın söz tarixinin, düşüncə azadlığının, həqiqət mübarizəsinin parlaq yoludur. Azərbaycan mətbuatı, yarandığı gündən bu günədək keşməkeşli, enişli-yoxuşlu yollar keçib, bugünkü inkişafına qədəm qoymuşdur. Azərbaycan milli mətbuatının əsası 1875- ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetilə qoyulsa da, bu yolun davamlılığını təmin edən, onu zamanın sərt sınaqlarından keçirən əsl qəhrəmanlar- fədakar jurnalistlər olmuşdur. Onlar tarix boyu xalqın səsini çatdırmaq, haqqın tərəfində dayanmaq və informasiya cəbhəsində mübarizə aparmaq kimi mühüm vəzifələri yerinə yetiriblər.

Jurnalistika, sadəcə olaraq xəbər çatdırmaq, məlumat yaymaq deyil. Bu, həm də həyatını xalqa, gerçəyə, ədalətə, xidmətə həsr etmək deməkdir. Xüsusilə Azərbaycanda jurnalistikanın bəzi səhifələri qələmlə deyil, qanla yazılıb. Fədakar jurnalistlərimiz, xalqın dərdini öz dərdi kimi çəkən, cəbhənin ön xəttində ölüm qorxusuna sinə gərən, həqiqəti susdurmaq istəyənlərin qarşısında qələmi silah edən insanlardır. Onlar susmamaq üçün yaşadılar və bu yolun sonunda ölməyi də gözə aldılar.

Ancaq fədakarlıq təkcə müharibə və ekstremal şəraitlə məhdudlaşmır. Sosial ədalətsizliklərə toxunan, ictimai problemləri qaldıran, korrupsiya ilə bağlı araşdırmalar aparan jurnalistlər fədakarlığın müasir simalarıdır. Bu gün gənc jurnalist nəsli özündən əvvəlkilərin fədakarlıq yolunu davam etdirir. Onlar yalnız informasiya yaymır, eyni zamanda məsuliyyət daşıyır, dəyərləri qoruyur və xalqla dövlət arasında körpü rolunu oynayır.

Çox sevdiyim bir atalar sözü var. “Aslanın erkəyi, dişisi olmaz.” Mənə görə, Salatın Əsgərova bu fikrin canlı sübutudur. O, 16 dekabr 1961-ci ildə Bakı şəhərində, Ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. Həmin ildə Azərbaycan Neft və Kimya Kimya İnstitutuna daxil olmuşdur. Onun müəlliməsi Firəngiz Həşimovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi. Jurnalistika sahəsinə də böyük maraq göstərirdi. Nəticə də, 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Yaradıcılığına nəzər salsaq görərik ki, onun toxunduğu əsas mövzular Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Onun sonuncu yazısı, Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” idi. 1991-ci ilin yanvar ayının 9-da Laçından Şuşaya getmək qərarına gəlir. Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın Birinci Qarabağ Müharibəsində həlak olan ilk xanım jurnalistimizdir. 6 noyabr 1992-ci ildə, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə, Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O göstərdi ki, qorxmazlıq və fədakarlıq yalnız kişilərə xas deyil. Aslan ruhlu qadınlar da vardır ki, ölümə göz dikib, həqiqət uğrunda həyatını fəda edə bilir.

Adını tarixə qızıl hərflərlə yazdırmış jurnalistlərin siyahısında Çingiz Mustafayevin də adı yer alır. O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin, Vladimirovski rayonunun,Kapustin Yar kəndində, Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. İlk təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə almışdır. 1977-ci ildə isə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir. O, Azərbaycanın ilk DJ kimi tanınır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Elə həmin ildə, dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçid” rep janrlı mahnını səsləndirib. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Birinci Qarabağ Müharibəsi haqqında, 18 sənədli film çəkmişdir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə, Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi. Ölümündən sonra, 1992-ci il 6 noyabr tarixində, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə, Mustafayev Çingiz Fuad oğlu, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.

Azərbaycan tarixinin şanlı səhifələrindən, 44 Günlük müharibənin nəticəsi olan Zəfər Günümüz təkcə əsgərlərin şücaəti ilə deyil, həm də informasiya cəbhəsində döyüşən jurnalistlərin fədakarlığı ilə yadda qaldı. Həmin günlərdə cəbhə yalnız səngərdə yox; kamera arxasında, mikrafon önündə, canlı yayımlarda da qurulmuşdu. Jurnalistlər sözün əsl mənasında, “ikinci cəbhənin” əsgərləri idilər. Onlar 44 Günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərin ilk müjdəçisi oldular.

Nəticə etibarı ilə, deyə bilərik ki, Azərbaycan mətbuatının 150 illik şərəfli yolu, sadəcə bir tarix deyil, eyni zamanda qəhrəmanlıq salnaməsidir. Bu yolun hər səhifəsin də, öz həyatını riskə ataraq informasiya səngərində döyüşən jurnalistlərin izi var. Onlar göstərdilər ki, qələm də silah qədər güclüdür, söz də mərmi kimi hədəfə dəyə bilər. Bu gün biz azad sözlə nəfəs alırıqsa, bu, illər boyu susmayan, geri çəkilməyən jurnalistlərin sayəsindədir. Bu xalq, bu torpaq, bu cəmiyyət onların əməyini unutmadı və əsla unutmayacaq.

Bu gün Azərbaycanda azad mətbuat inkişaf edir, xəbərlər dəqiq, operativ, qərəzsiz şəkildə oxuculara çatdırılır. Və bunun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu siyasət Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin iradəsinə əsaslanır.

Bakı Slavyan Universitetinin, Sosial Elmlər və Regionşünaslıq Fakültəsinin, Üçüncü kurs tələbəsi
Məmmədrzayeva Nuray

Oxşar Xəbərlər

Back to top button