AnalitikaGündəm

Əzəli torpağımız Şuşa türk dünyasının diqqət mərkəzində

Cari ilin iyul ayının 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayaraq tədbirdə çıxış etmişdir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyi və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyi üçün qonaqlara təşəkkür etmişdir.

Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Bildiyimiz kimi, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.

Bu gün ölkələrarası əlaqələr siyasi sahədən başqa, humanitar, təhsil, mədəniyyət və digər istiqamətlərdə də inkişaf etməkdədir. Türk dünyası ölkələrinin rəhbərləri bir-birinə qardaşlıq dəstəyini əsirgəmirlər. Ötən ilin əvvəlində Türkiyədə baş verən zəlzələ ilə əlaqədar martın 16-da paytaxt Ankarada Türk Dövlətləri Təşkilatının “Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşkilata üzv ölkələrin həmrəyliyini bir daha nümayiş etdirdi. Bundan başqa, Azərbaycanın Türk dünyasının birliyinə töhfələrini, etibarlı tərəfdaş və yaxşı dost olmasını nəzərə alan Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın işğaldan azad olunmuş ərazilərimizdə öz vəsaitləri hesabına məktəb, incəsənət mərkəzi və məscid inşa etmələri ölkəmizə dəstəyin əyani nümunələrindəndir. Qardaş Türkiyə şirkətləri isə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında fəal iştirak edirlər.

Prezident İlham Əliyev ölkəmizin Türkiyə ilə əlaqələrini, rəsmi Ankaranın həm ölkəmiz, həm də bölgəmiz üçün əhəmiyyətini belə xarakterizə edib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”.

Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının tarixində yeni bir ənənənin əsası qoyulur. Belə ki, bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəlirlər. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Yekun olaraq qeyd edək ki, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Və ən mühümü gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

Həsənova Şahnaz,
Xəzər rayonu, 121№-li tam orta
məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button